Qərənfil Xəlilova
Qərənfil Xəlilova (1957, Bakı) — redaktor.
Qərənfil Əli qızı Xəlilova 1957-ci ildə Bakıda anadan olub. 1975-ci ildə 70 saylı
orta məktəbi əla qiymətlərlə bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub, 1981-ci ildə ali təhsilini Fərqlənmə Diplomu ilə başa vurub. 1981-ci ildən 2005-ci ilədək Azərbaycan Dövlət Teleradio şirkətində maaşlı komsomol katibi, Radionun "Məktəb" redaksiyasında kiçik redaktor, redaktor, Televiziyanın "Xəbərlər" redaksiyasında müxbir, şərhçi, şöbə müdiri vəzifələrində çalışıb.
Bir sıra informativ, analitik, bədii-publisistik verilişlərin, sənədli filmlərin müəllifi
və aparıcısı kimi tanınıb.
Q. Xəlilova 2005-ci ildən 2013-cü ilədək İctimai Televiziya və Radio Yayımları Şirkətində Müəllif Proqramları şöbəsinin rəisi, Ədəbi-dram, Musiqi departamentlərində departament direktorunun müavini, "Carçıfilm" Yaradıcılıq Birliyinin direktoru olub. "Haqqım var ki, öyunum…" silsiləsindən 20-yədək tarixi filmin ("Fətəli xan Xoyski", "İsmayıl bəy Qaspralı", "Həsən bəy Zərdabi", "Xəlil bəy Xasməmmədov", "Əli bəy Hüseynzadə", "Əlimərdan bəy Topçubaşov", "Nəriman Nərimanov", "Ziyadxanov qardaşları", "Nuru paşa", 3 hissəli "İstiqlal yolları" və s.), bir sıra bədii, sənədli və verilişlərin ("Əsrlərdən gələn səslər", "Əllərin möcüzəsi","Həqiqət işığı", "Krım tatarları", "VİP", "Telelinza" və s.), 3 kinossenarinin ("Yanlış da bir naxışdır", "İstədiyin yar…","Ruhların harayı"), 5 mahnı klipinin (Xan Şuşinskinin "Qarabağ şikəstəsi", Fatma Mehrəliyevanın "Kəsmə şikəstə", Aşıq Zülfiyyənin "Dağlar", Aşıq Avdının "Layla de,
layla…." və Aşıq Kamandarın "Əsli və Kərəm" dastanından oxuduğu mahnılar) müəllifidir.
Qərənfil Xəlilovanın " Haqqım va ki, öyünüm… " silsilısindən "İsmayıl bəy Qaspralı" və "Ruhların harayı" filmləri beynəlxalq kinofestivallarda mükafatlara layiq görülüb.
Q. Xəlilovanın yaradıcılıq fəaliyyəti Respublika Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi", Mətbuat Şurasının "Həsən bəy Zərdabi", Azadlıq Hərəkatçıları Təşkilatının, Türkdilli Xalqların Əməkdaşlıq Təşkilatının, KİV müstəqil həmkarlar təşkilatının, Bakı şəhər mədəniyyət şöbəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin, "Cavad xan" fondunun və digər təşkilatların mükafatlarına layiq görülüb.