Tayvanda səhiyyə
Tayvanda səhiyyə — Tayvandakı səhiyyə sistemi.
2006-cı ildə Tayvanda əhalinin hər 100 min nəfərinə 220 həkim, 481 orta tibb işçisi və mama, 26 stomatoloq, 120 əczaçı düşürdü. Ölkədə 131152 ədəd xəstəxana çarpayısı var idi.
Tibbi yardımın 96%-i Avropa nümunəli, 4%-i Çin xalq təbabətindən ibarətdir. Bu sahədə 547 xəstəxana, o cümlədən 24 tibb mərkəzi, 55 rayon klinikası, 344 dairə xəstəxanası, 52 psixiatriya klinikası fəaliyyət göstərir.
Səhiyyəyə qoyulan xərc 2006-cı ildə ÜRM-in 6,1%-ni təşkil etmişdir ki, bunun da 25,9%-i büdcə hesabına, 53,6%-i özəl sektor hesabına, 15%-i sahibkarlar hesabına, 5,5%-i qeyri-kommersiya təşkilatları hesabına maliyyələşdirmə idi.
1980-ci illərdə ölkədə iqtisadi artımın yüksəlməsi nəticəsində Tayvanda səhiyyə sahəsində böyük islahatlar başlanmışdır. Hökumət bir planlaşdırma komissiyası qurmuş və digər ölkələrin səhiyyə sistemlərini öyrənmək üçün xaricə mütəxəssislər göndərilmişdir. Ondan çox ölkənin təcrübəsi öyrənilmiş və əldə olunan məlumatlar öz milli xüsusiyyətləri ilə birləşdirilmişdir.
Tayvanda səhiyyə sisteminin hüquqi tənzimlənməsi süni mayalandırma haqqında 2007-ci il tarixli, orta tibb işçiləri haqqında 2004-cü il tarixli, fizioterapevtlər haqqında 1996 və 2007-ci il tarixli, tibbi sığortanın milli sistemi haqqında 1994-cü il tarixli, psixi sağlamlığın mühafizəsi haqqında 1992-ci il tarixli, kiçik tibb işçiləri haqqında 2000-ci il tarixli, təcili tibbi yardım haqqında 1995 və 2004-cü il tarixli, həkimlər haqqında 1943 və 2002-ci il tarixli, doğuma yardım haqqında 2005-ci il tarixli, terminal vəziyyətlərdə palliativ yardım haqqında 2000-ci il tarixli qanunlarla; tibb müəssisələrinin fəaliyyətinin standartları haqqında 1987 və 2005-ci il tarixli Əsasnamə ilə tənzimlənir.