Seyran Vəliyev
Seyran Süleyman oğlu Vəliyev (16 dekabr 1950, Bodaybo, İrkutsk vilayəti – 1 avqust 2013, Bakı) — Azərbaycan alimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Akademik H. Əliyev adına Coğrafiya İnstitutunun baş elmi işçisi, coğrafiya elmləri doktoru.
== Həyatı ==
Seyran Vəliyev 1950-ci il dekabrın 16-da Rusiya Federasiyasının İrkutsk vilayətində yazıçı Süleyman Vəliyevin ailəsində anadan olmuşdur. 1955-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsini bitirmişdir.
S. Vəliyev Azərbaycan ərazisinin Dördüncü dövrdəki paleocoğrafi şəraiti, Xəzər dənizinin Dördüncü dövrdəki paleocoğrafi və paleoekoloji şəraiti, Azıx mağarasında paleolit insanların məskunlaşması, Xəzər dənizinin səviyyə tərəddüdləri, Azərbaycan ərazisinin Dördüncü dövrdəki iqlim dəyişmələri haqqında geniş tədqiqat işləri aparmışdır.
Bütün bu tədqiqatların nəticəsi olaraq 1994-cü ildə "Son pleystosen və Holosendə Azərbaycan və ona bitişik ərazilərin paleocoğrafiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Görkəmli alim 600-dən çox məqalənin, "Qədimdən qədim" kitabının müəllifidir. O, müxtəlif beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir. Əsərləri Rusiya, Baltikyanı ölkələrdə və Gürcüstanda nəşr olunmuşdur.