"Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası
"Simurq" Azərbaycan Mədəniyyəti Assosiasiyası (qısaca "Simurq" AMA) — Azərbaycan Respublikasında mədəniyyət sahəsində yeni tipli çoxsahəli ilk qeyri-hökumət təşkilatıdır.
== Yaranma tarixi ==
1990-cı ilin aprelində respublika ziyalılarının görkəmli nümayəndələrinin təşəbbüsü ilə yaranan Assosiasiya Azərbaycanda sosial-mədəni inkişafa, demokratik cəmiyyətin və hüquqi dövlətin formalaşması, respublikanın sivil beynəlxalq birliyə inteqrasiyasına öz töhfəsini vermək kimi nəcib bir məqsədə xidmət edir. Assosiasiyanın nizamnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 1990-cı il tarixli 374 N-li qərarı ilə qeydiyyatdan keçmişdir.
== Assosiasiyanın rəmzi ==
"Simurq" – Azərbaycan mifologiyasında xeyirxahlığın, yeni həyatın və dirçəlişin qədim rəmzidir. Simurq rəmzi qartalabənzər quş haqqında qədim avraasiya əfsanəsi ilə sıx bağlıdır. Bu əfsanəyə görə ilk dəfə məhz həmin quş göydən, yaxud müqəddəs dağdan yer üzünə "həyat ağacının" kökünü gətirmişdir. Simurq öz mə’nasına görə Allahın xeyipxahlıq və ölkənin çiçəklənməsinin qədim rəmzi olan, həm Şərqdə, həm də Qərbdə yeni, əbədi həyatın kainat simvolu kimi qəbul edilən səkkizgüşəli ulduza çox yaxındır.
== Təsisçiləri və üzvləri ==
"Simurq" Mədəniyyət Assosiasiyası öz sıralarında könüllü əsaslarla 40-a yaxın kollektiv və yüzlərlə fərdi üzvləri birləşdirir. Assosiasiyanın üzvləri Azərbaycanda hərtərəfli dünyagörüşünə malik olan insan və ictimai inkişafı təmin edən maarif və təhsil, elm, təbabət, ekologiya, incəsənət, iqtisadiyyat, sosial idarəetmə, informasiya, hüquq, beynəlxalq münasibətlər və digər mədəniyyət sahələrinin tərəqqisinə nail olmaq məqsədilə birgə fəaliyyət göstərirlər.
Assosiasiyanın rəyasət heyətinə istedadlı alim və mütəxəssislər, o cümlədən Azərbaycan EA-nın 5 akademiki və müxbir üzvü, onlarla professor, elmlər doktoru və namizədi, tanınmış müəllimlər, mədəniyyət və incəsənət xadimləri, həkimlər, diplomatlar, din xadimləri daxildir.