Qurdqulağı süsən
Qurdqulağı süsəni (lat. Iris lycotis Woronow.) — süsənkimilər (Iridaaceae) fəsiləsindən bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür.
Çoxillik ot bitkisidir. Kökümsovu yoğun, qısa, sürünən, gövdə 10-20 (25) sm hündürlükdədir, 1 iri təpə çiçəyi var. Yarpaqları yaşıl, dar-xətvari, 2-4 mm enində, bəzən oraqvari əyilmişdir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli, sivridir. Çiçəkyanlığının borucuğu yumurtalığa bərabərdir. Çiçəkyanlığının xarici tərəfi aşağı bükülmüş, 4,5 -5,5 (8) sm uzunluğunda, enli- ellipsvari və ya enli-yumurtavari, dairəvi, tünd-qəhvəyi, mərkəzində iri məxməri ləkəli, aşağı yarısı yuxarıdan qara-bənövşəyi tükcüklü, daxili tərəfi yuxarı qalxmış, iri, 5,5-8 (3) uzunluqdadır. Sütuncuğun kənarları tünd-qırmızı, tutqun, kürək hissəsi dişciklidir.