Behicə Sultan

Bəhicə Sultan (26 avqust 1848, Çırağan sarayı, Konstantinopol20 dekabr 1876) — 31. Osmanlı padşahı Sultan Əbdülməcidin qızlarındandır.

Bəhicə Sultan
osman. بهیجه سلطان
Şəxsi məlumatlar
Doğum tarixi 26 avqust 1848(1848-08-26)
Doğum yeri
Vəfat tarixi 20 dekabr 1876(1876-12-20) (28 yaşında)
Dəfn yeri
Atası I Əbdülməcid
Anası Nəsrin xanım
Həyat yoldaşı Həmid Dərviş bəy
Ailəsi Osmanlı xanədanı

26 avqust 1848-ci ildə[1][2][3] Ramazan ayında cümə gecəsi Çırağan sarayında dünyaya gəlmişdir. Atası Osmanlı sultanı Sultan Əbdülməcid, anası isə onun üçüncü iqbalı Nəsrin xanımdır.[4] Dünyaya gəlişi səbəbilə dönəmin validə sultanı Bəzmialəm Sultan tərəfindən sarayda şənliklər təşkil edildi və həm anasına, həm də yeni dünyaya gələn Bəhicə Sultana dəyərli hədiyyələr verildi. İstanbulun fərqli yerlərində top atılaraq sultanın yeni övladının dünyaya gəlişi elan edildi.

Anasının ondan öncə 1842-ci ildə bir oğlu dünyaya gəlsə də, Ziyayəddin Əfəndi adlı bu körpə 3 yaşında ikən vəfat etdi. Onun doğumundan 2 il sonra isə Nizaməddin Əfəndi və Bahəddin Əfəndi adlı 2 əkiz qardaşı dünyaya gəldi. Bu doğum səbəbilə anası Nəsrin xanım ikinci iqballığa yüksəldi.

Ancaq qardaşlarından Bahəddin Əfəndi 2 yaşında ikən 9 noyabr 1852-ci ildə vəfat etdi. Daha sonra anası Nəsrin xanım uzun müddətdir əziyyət çəkdiyi vərəm xəstəliyi səbəbilə 2 may 1853-cü ildə, qısa müddət sonra 28 may 1853-cü ildə kiçik qardaşı Nizaməddin Əfəndi vəfat etdi. Ard-arda ölümlərin ardından hələ 5 yaşındakı Bəhicə Sultan atasının üçüncü iqbalı Şayəstə Qadınəfəndinin himayəsinə verildi.[5] İlk dini təhsilinə qardaşları Rəşad Əfəndi, Kəmaləddin ƏfəndiBurhanəddin Əfəndiylə birlikdə 29 iyul 1853-cü ildə Çırağan sarayında başlayan Bəhicə Sultan bununla yanaşı, mükəmməl musiqi, farscafransızca dərsləri aldı. Qardaşı II Əbdülhəmidin taxta çıxması münasibətiylə bir vals-mazurka tərzli əsər bəstələdiyi də bilinir.

18531855-ci illərdə aylıq maaşı 3,5 min quruş olan Bəhicə Sultanın 1857-ci ildə 5 min quruş, 1860-cı ildə 20 min quruş, 1870-ci ildə 15 min quruş, 1874-cü ildə 20 min quruş, nigahının baş tutduğu 1876-cı ildə isə 75 min quruş aylıq maaş alır. Ancaq nigahından cəmi 1 ay sonra vəfat etdiyi üçün son aylıq maaşını ala bilməmişdir.

Atasının 26 iyun 1861-ci ildə vəfat etməsinin ardından, digər ailə üzvləriylə birlikdə Çəngəlköy sarayında yaşamağa başladı. Taxta çıxan əmisi Sultan Əbdüləzizin səltənətində 1873-cü ildə evləndirilməsi müzakirə edilsə də, bilinməyən bir səbəblə bu evliliyi təxirə salınır. Bir çox mənbədə uşaq yaşlarından bəri əziyyət çəkdiyi vərəm xəstəliyinin bu evliliyi gecikdirdiyi qeyd olunur.[6][7] Buna baxmayaraq, hər hansı bir xəstəliyi olmayan bacıları Səniha Sultan, Mədiha SultanNailə Sultan da əmiləri Sultan Əbdüləzizin səltənətində bilinməyən bir səbəblə evləndirilməmişdir.

Bəhicə Sultanın evliliyi isə o dövr üçün olduqca gec sayılan 28 yaşında, böyük qardaşı II Əbdülhəmidin taxta çıxmasının ardından baş tutdu. Bəy namizədi olaraq I Əbdülhəmid dövrünün sədrəzəmlərindən Xəlil Həmid Paşanın nəvəsi, sabiq məclis üzvlərindən Nurullah bəyin oğlu Həmid Dərviş bəy (ö. 20 noyabr 1888) seçildi və Quruçeşmə sahilsarayı yeni cütlüyə təsis edildi. Gənc sultan bəy namizədindən 6 yaş böyük olsa da, cütlüyün bir-birini sevib bəyəndiyi bilinir. Cütlüyün nigahı 5 dekabr 1876-cı ildə Topqapı sarayının Müqəddəs Əmanətlər bölümündə baş tutdu. Sədrəzəm Rüşdü Paşa, şeyxülislam Həsən Xeyrullah Əfəndi və bir çox mühüm dövlət adamının iştirakıyla baş tutan nigah mərasimi əsnasında bacısı Səniha Sultan da sabiq kaptan-ı dəryalardan Xəlil Rüfət Paşanın oğlu Cəlaləddin bəylə nigahlandı.

Toy mərasiminin ardından səhhəti pisləşən Bəhicə Sultan 20 dekabr 1876-cı ildə yaşadığı Quruçeşmə sahilsarayında vəfat etdi. Fateh məscidində qılınan cənazə mərasiminin ardından, vəsiyyətinə əsasən məscidin həyətindəki Gülüstü Qadınəfəndi türbəsinə dəfn olundu. Ölümünün ardından yaşadığı Quruçeşmə sahilsarayı Səniha Sultana təsis edildi.

  1. Takvim-i Vekayi, nr. 388, s. 1
  2. Ceride-i Havadis, nr. 401, s. 1
  3. Mehmed Süreyya, Sicill-i Osmani I. İstanbul: Tarih Vakfı Yurt Yayınları, 1996, s. 9
  4. Mustafa Çağatay Uluçay, Padişahların Kadınları ve Kızları. Ankara: Türk Tarih Kurumu, 1980, s. 215
  5. Selma Delibaş, “Behice Sultan’ın Çeyizi ve Muhallefatı”, Topkapı Sarayı Müzesi Yıllık 3 (1988), s. 83
  6. Nahid Sıtkı Örik, Bilinmeyen Yaşamlarıyla Saraylılar. İstanbul: Türkiye İş Bankası, 2002, s. 37
  7. Mustafa Çağatay Uluçay, Padişahların Kadınları ve Kızları. Ankara: Türk Tarih Kurumu, 1980, s. 226