Sənihə Sultan (7 dekabr 1851, Çırağan sarayı, İstanbul – 15 sentyabr 1931, Nitsa) — 31-ci Osmanlı sultanı Əbdülməcidin qızı, ilk türk sosioloqlarından Mehmed Səbahəddinin anasıdır.[1]
Sənihə Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 dekabr 1851 |
Doğum yeri | |
Vəfat tarixi | 15 sentyabr 1931 (79 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | I Əbdülməcid |
Həyat yoldaşı | |
Uşaqları | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | sünni islam, islam |
1852-ci ildə dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası Nalandil xanımdır. 1861-ci ildə atasının vəfatı ilə Osmanlı taxtına əmisi Sultan Əbdüləziz çıxdı. Əmisinin 1876-cı ildə taxtdan endirilərək öldürülməsinin ardından taxta böyük qardaşlarından V Murad, onun 93 günlük səltənətinin ardından digər qardaşı II Əbdülhəmid taxta çıxdı. Qardaşının səltənəti dönəmində 4 dekabr 1876-cı ildə Xəlil Rüfət Paşanın oğlu Mahmud Cəlaləddin Paşayla evləndirildi. Bu evlilikdən Mehmed Səbahəddin və Əhməd Lütfullah adında iki oğlu dünyaya gəldi.
II Əbdülhəmid bacısı Rəfiyə Sultanın gənc yaşda vəfat etməsilə ona aid olan Çamlıca sarayını Sənihə Sultana təsis etdi. Sənihə Sultan uzun müddət ailəsilə birlikdə bu sarayda yaşadı. 1895-ci ildə sarayın aşağı hissəsində övladları üçün məktəb tikdirdi.[2] II Əbdülhəmidlə siyasi ziddiyyətlər yaşayan əri Mahmud Cəlaləddin Paşa 1899-cu ildə Sənihə Sultanla boşandı və övladlarını alıb xaricə getdi. Bunun ardından İstanbulda qalan Sənihə Sultan V Muradın yenidən taxta çıxmasına dəstək vermişdir.
1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında çıxan qanunla 72 yaşında ikən bütün ailə mənsubları ilə birlikdə sürgün edildi. Sürgünə gedən ən yaşlı ailə üzvü idi. Əvvəlcə Parisə gedib burada oğulları ilə birlikdə yaşadı. Ancaq övladları siyasətə qarışmış, bu səbəblə yaşlı analarına baxa bilmirdilər. Nəticədə, yaşlı Sənihə Sultan San-Remodakı qardaşı Sultan Vahidəddinin yanında məskunlaşdı. 1926-cı ildə qardaşının vəfatından sonra küçələrə düşən Sənihə Sultan ətrafdakı insanların verdiyi sədəqələrlə yaşamağa başladı. Nəhayət, kiçik oğlu Lütfullah bəy anasının halından xəbərdar olub, dərhal Parisdən gələrək anasını tapdı və Nitsadakı Əbdülməcid Əfəndiyə əmanət etdi. Burada Sultan Vahidəddinin evindəki kimi böyük bir otaqda deyil, tavan arasında yaşamağa başladı.
Sultan Əbdülməcidin ən uzunömürlü övladı olan Sənihə Sultanın məşəqqətli həyatı 1931-ci ildə Nitsada başa çatdı. Cənazəsi Dəməşqdəki Süleymaniyyə təkyəsinin qəbiristanlığında dəfn olundu.