Mehmed Əmin Paşa (d. 1813 - ö. 9 sentyabr 1871) — Sultan Əbdülməcid və Sultan Əbdüləziz səltənətlərində 3 dəfə - ümumilikdə 1 il 9 ay 9 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.
Mehmed Əmin Paşa | |
---|---|
Əvvəlki | Mustafa Naili Paşa |
Sonrakı | Mustafa Rəşid paşa |
18 oktyabr 1859 – 23 dekabr 1859 | |
Əvvəlki | Mehmed Əmin Əli Paşa |
Sonrakı | Mehmed Rüşdü Paşa |
28 may 1860 – 7 avqust 1861 | |
Əvvəlki | Mehmed Rüşdü Paşa |
Sonrakı | Mehmed Əmin Əli Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Pafos, Kipr adası, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | Sultan Mahmud türbəsi məzarlığı |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Mələk xanım |
Rütbəsi | Admiral |
Vikianbarda əlaqəli mediafayllar |
1813-cü ildə Kipr adasına bağlı Pafos qəzasında dünyaya gəlmişdir. Atası xəzinədar kəndxudası Mehmed Əmin Əfəndinin qardaşı Hüseyn Əfəndidir. Əmisi vasitəsilə İstanbula gəldi və Əndərunda xəzinə bölümünə alındı. Burda saray tərbiyəsi aldıqdan sonra kapitan rütbəsiylə hərbi dərslər aldı. 1833-1834-cü illərdə London və Parisdə təhsilini davam etdirdi. Döndükdən sonra mayor rütbəsi aldı ancaq hərbi təlimini tamamlamaq üçün yenidən Parisə göndərildi. Sultan Əbdülməcidin cülusunda İstanbula gəldi. Hərbi sahədəki fəaliyyətləriylə gənc sultanın rəğbətini qazandı və Hərbi şura rəhbərliyinə gətirildi (1840). Bu vəzifədə ikən Sinop, Kastamonu, Bolu və Ankaraya göndərilərək bölgədəki hərbi birlikləri təftiş etdi. 1843-cü ildə aparılan hərbi islahatlar əsnasında bütün vəzifələrindən alınsa da, 6 ay sonra yenidən Əkka qalası mühafizi və bir il sonra da Qüds hakimi təyin edildi. 1846-cı ildə bəylərbəyi rütbəsinə bərabər olan mir-i miranlığa yüksəldi. Ancaq 1847-ci ildə vəzifədən alındı və 6 aylıq fasilədən sonra daha aşağı rütbəylə Tırnova hakimi təyin edildi. Bundan narazı olan Mehmed Əmin Paşa vəzifədən istehfa etdi.
Əhməd Fəthi Paşanın vasitəçiliyi ilə Belqrad mühafizi təyin edilsə də, bir ay keçmədən yenidən vəzifədən alındı (1848). 2 ay keçmədən Balkan yarımadasındakı Tırhala bölgəsinə hakim təyin edilsə də, vəzifə yerinə getmədən, yenə Əhməd Fəthi Paşanın yardımıyla vəzirlik rütbəsi alaraq London səfirliyinə gətirildi. Londonda olduğu müddət ərzində Osmanlı dövlətində baş qaldıran macar mühacirləri problemini həllində faydalı xidmətləri oldu. Ancaq o əsnada Hələbdə başlayan üsyanın yatırılması üçün Hələb hakimi olaraq bölgəyə göndərildi (1850). Hərbi sahədəki bacarığı ilə qısa zamanda üsyanı yatıraraq bölgədə əmin amanlığı təmin etdi. Gənc sultanın ətrafına toplanan rəqiblərinin fəaliyyətiylə onu mərkəzdən uzaq tutmaq məqsədilə Krit hakimliyinə gətirilsə də, bundan imtina edərək vəzifələrindən istehfa etdi. Ancaq ertəsi il Dəməşq yaxınlığında yeni bir üsyanın çıxmasıyla ona ehtiyac duyuldu və yenidən Ərəbistan marşalı təyin edildi (1851). Ancaq bu dəfə çıxan iğtişaşları yatıra bilmədi və vəzifədən alındı (1853), bir neçə ay sonra Ədirnə hakimliyinə gətirildi. 1854-cü ilin yanvarında Mahmud Paşanın yerinə kaptan-ı dəryalığa gətirilsə də, bu vəzifədə yalnız 4 ay qala bildi. Belə ki, 29 may 1854-cü ildə Mustafa Rəşid Paşanın təklifiylə sədarətə gətirildi. Ancaq davam edən Krım müharibəsinə qarşı çıxması və xarici işlər naziri Mustafa Rəşid Paşayla anlaşmazlığı səbəbilə 5 ay sonra vəzifədən alındı (23 noyabr 1854). 1855-ci ildə Tənzimat məclisinə rəis təyin edildi və ardından sədrəzəm Mehmed Əli Paşanın Paris konfransına qatılması səbəbilə sədarət naibi oldu (1856). Həmin il çar II Aleksandrın taxta çıxışını təbrik etmək və Krım müharibəsi səbəbilə pozulan münasibətləri yaxşılaşdırmaq üçün Tənzimat məclisi rəisi olaraq fövqəladə səfir ünvanıyla Rusiyaya göndərildi. Burada çar tərəfindən I dərəcəli Qara Qartal nişanı ilə təltif edildi. Sankt-Peterburqda Osmanlı dövlətinin daimi səfirliyini yenidən qurduqdan və müzakirələrin böyük bir qismini apardıqdan sonra İstanbula qayıtdı.
Mehmed Əmin Paşa siyasi karyerası boyunca İngiltərə tərəfdarı olan Mustafa Rəşid Paşa ilə mübarizə apardı. 1857-ci ilin avqustundan etibarən 2 il boyunca vəzifələri durmadan dəyişdirildi və bununla da siyasi nüfuzu sarsıldı. Onu mərkəzdən uzaqlaşdırmaq istəyən rəqibləri onu bu dəfə də Paris səfirliyinə göndərmək istədi ancaq bu əsnada ikiinci dəfə sədarətə gətirildi (18 oktyabr 1859). Sultan Əbdülməcid bu dəfə sədrəzəmdən dövlətin içində olduğu maliyyə böhranından qurtulmasını istəyirdi. Bu məqsədlə dövlət məmurlarının maaşını azaltmaq və rüşvəti aradan qaldırmaqla bağlı bir çox tədbirlər aldı. Ancaq bu dəfə də müxaliflərinin sayı artmağa başladı. Buna baxmayaraq Mehmed Əmin Paşa planlaşdırdığı islahatları təkidlə müdafiə edir, hətta bu məsələdə sultanla belə mübahisələr edirdi. Belə ki, bu mübahisələrdən birində padşahın vəfat edən validəsi Bəzmialəm Sultanı da rüşvətxorluqla günahlandırması nəticəsində 66 günlük ikinci sədarət dönəmi də başa çatdı (23 dekabr 1859).
Ancaq davam edən xarixi borclanma və dərinləşən maliyyə böhranı onun çox keçmədən üçüncü dəfə sədarətə gəlişinə səbəb oldu (28 may 1860). Bu sədarəti dönəmində rusların Rumelidə xristianlara zülm edilməsi iddialarını araşdırmaq üçün qurulan komissiyaya rəhbərlik etdi. 1860-cı ilin sentyabrında bu təftişi başa çatdı və İstanbula qayıtdı. Ancaq sultanın səhhəti pisləşmiş, tutulduğu tüberküloz xəstəliyi səbəbilə çox keçmədən İhlamur köşkündə vəfat etmişdi. Yerinə taxta çıxan qardaşı Sultan Əbdüləziz (25 iyun 1861) Mehmed Əmin Paşanı sədarətdə saxladı. Sədrəzəm əvvəlcə maliyyə problemləri ilə məşğul olmaq istəsə də, yeni sultan ordu və donanmanın yenilənməsi arzusunda idi. Sultanla aralarında yaranan bu ziddiyyət səbəbilə 7 avqust 1861 tarixində vəzifədən alındı və ikinci dəfə Ədirnə hakimliyinə təyin olundu. 3 il bu vəzifədə xidmət etdikdən sonra yenidən İstanbula çağırıldı və müxtəlif dövlət vəzifələrinə gətirildi. 1867-ci ildə bütün vəzifələrindən ayrılaraq təqaüdə çıxarılan Mehmed Əmin Paşa 9 sentyabr 1871-ci ildə İstanbulda vəfat etdi. Cənazəsi Sultan Mahmud türbəsinin bağçasına dəfn edildi.
Hərb və dövlət bürokratiyasında təcrübəli olan Mehmed Əmin Paşanın fransız, ingilis və yunan dilləriylə yanaşı, ərəbcə də bildiyi məlumdur. Dövlət işlərində ehmalkarlığa və hədiyyə adı altında verilən rüşvətə qəti qarşıydı. Parisə ikinci gedişində tanış olduğu və sonradan İslamı qəbul edən Mələk xanımla qısa müddət evli qaldı və bu nigahdan bir qızı oldu.