Dürmək[1] — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir.
Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur. Müxtəlif növləri bölgələrə görə fərqlənir və tərkibi zövqdən asılı olaraq dəyişir. Növləri: Çoban dürməyi, Bəy dürməyi, Bal dürməyi, Qovurma dürməyi və s. Xalq arasında Çoban dürməyi daha məşhurdur. Tərkibi:Yuxa və ya Lavaş pendirlə göyərti, kərə yağı ilə pendir, kərə yağı ilə şor, bal-yağ, qaymaq və s. bükməsindən hazırlanır.