Quba məsələsi

Quba məsələsiDağlılar Respublikası hökumətinin bəzi üzvlərinin Quba qəzası ilə bağlı Azərbaycan Xalq Cümhuriyyətinə əsassız ərazi iddiası.

Dağlılar Respublikası 1918-ci ilin payızında Şimali Qafqazda öz mövqelərini möhkəmləndirmek üçün müəyyən tədbirlər görməklə yanaşı, bəzi addımları ilə AzərbaycanGürcüstanla münasibətlərdə problemlər yaratdı. Dağlı hökumətinin bəzi üzvləri Quba qəzası ilə bağlı Azərbaycana, Cənubi OsetiyaAbxaziya ilə əlaqədar isə Gürcüstana qarşı ərazi iddiası qaldırdılar. Dağlı Respublikası rəhbərliyinin ayrı-ayrı üzvləri Quba qəzası ilə bağlı ərazi iddiası irəli sürərkən, həmin bölgədə ləzgilərin də yaşamasını əsas gətirirdilər[1].

Yalama dəmir yolu stansiyasının ələ keçirilməsi

[redaktə | mənbəni redaktə et]

Dağlı hərbçiləri bu əsassız iddianı həyata keçirmək məqsədilə, hətta, Quba qəzası ərazisinə müdaxilə etmiş, Yalama dəmir yolu stansiyasını ələ keçirmişdilər. Azərbaycan sərhəd keşikçiləri 1918-ci il dekabrın 24-də onları bu ərazidən çıxarmış, şimal sərhəddini keçmiş Bakı quberniyası hüdudları boyunca bərpa etmişdilər. Dağlı hökumətinin Bakıdakı nümayəndəsi Əlixan Qantəmir bu münaqişə ilə bağlı Azərbaycan hökumətinə etirazını bildirmiş, "mübahisəli" sərhəd məsələlərinin həlli üçün xüsusi orqan yaradılması, ona qədər isə Quba qəzasının idarə olunmasında hər iki tərəfi təmsil edən müştərək qrupun fəaliyyət göstərməsi təklifini irəli sürmüşdü.

Sonrakı proseslər

[redaktə | mənbəni redaktə et]

Dağlı hökumətinin bəzi nümayəndələri bu cür əsassız hərəkətləri ilə ən yaxın müttəfiqləri olan qonşu dövlətlərlə münasibətlərdə soyuqluq yaradırdılar. Lakin hökumətin əksər üzvləri AzərbaycanGürcüstana qarşı ərazi iddiaları qaldırılmasına qəti etiraz etdilər. Xarici işlər naziri Heydər Bammatovun başçılıq etdiyi bu qrup Qafqazda ərazi mübahisələrinin həlli zamanı Azərbaycanın təklif etdiyi prinsipləri dəstəklədi. Həmin prinsiplər bunlar idi:

  • Ərazi məsələlərinin həllində mübahisəli bölgədə yaşayan əhalinin öz iradəsini azad surətdə bildirməsi əsas götürülməlidir.
  • Ərazi mübahisəsi yalnız əhalinin qarışıq yaşadığı bölgələrə aid edilməlidir.
  • Əhalinin rəyi yekdil olmadığı halda bölgənin iqtisadi-təsərrüfat əlaqələrinə üstünlük verilməlidir.

Quba qəzası əhalisi və Quba Müsəlman şurası bu ərazinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qəti şəkildə bəyan etdi. Quba nümayəndəsi Murtuza Axundzadə Azərbaycan Parlamentində bu məsələ ilə bağlı 1919-cu il fevralın 5-dəki çıxışında bildirdi:

" Qubada kasıb, dövlətli - hər kəsin ipək parçadan tikilmiş üçrəngli bayrağı var. "

Quba Müsəlman şurası Dağlı hökumətinə göndərdiyi məktubda onun bəzi üzvlərinin ərazi iddiasının ümummüsəlman mənafeyini müəmmalı məqsədlərə qurban vermək kimi qiymətləndirdi. "Quba məsələsi" Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qətiyyətli mövqeyi, Quba qəzası əhalisinin öz iradəsini birmənalı şəkildə bildirməsi və Dağlı hökumətində sağlam düşüncənin üstün gəlməsi nəticəsində qısa müddətdə həll edildi[2].

  • Göyüşov A ., 1917–1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi, B., 2000;
  • Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament. Stenoqrafik hesabatlar, c.l, B., 1998.
  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 159
  2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 160