Cəfər Xəndan
Hacıyev Cəfər Zeynal oğlu (Cəfər Xəndan) — azərbaycanlı şair, tənqidçi, ədəbiyyatşünas, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1948), professor (1949).
Cəfər Xəndan 1910-cu il mayın 8-də İrəvan şəhərində müəllim ailəsində doğulmuşdur. 1918-ci ildə ailəsi Gəncəyə köçmüş, ata-anası burada öldüyündən kimsəsiz qalan kiçik qardaş və bacısı ilə Gəncə uşaq evində yaşamışdır (1925-ci ilədək).
Gəncə Pedaqoji Texnikumunu bitirmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, həm də fəhlə fakültəsində müəllimlik (1925–1929) etmişdir. İnstitutun Dil və ədəbiyyat fakültəsini bitirdikdən sonra aspiranturaya daxil olmuş, eyni zamanda institutun ədəbiyyat kafedrasının assistenti, sonra dosenti kimi fəaliyyət göstərmişdir (1932–1941).
M. F. Axundov adına Müəllimlər İnstitutunun Dil və ədəbiyyat fakültəsinin dekanı, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kafedra müdiri, Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri, həm də Azərbaycan Yazıçılar İttifaqında təşkilat katibi, "Allahsız" jurnalının, "Ədəbiyyat qəzeti"nin məsul katibi, "Gənc işçi" redaksiyasında ədəbiyyat şöbəsinin müdiri vəzifələrində işləmişdir. Dissertasiya müdafiə edib fılologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1939).
1941-ci ildə səfərbərliyə alınmış, sovet ordusu tərkibində siyasi rəhbər və jurnalist kimi alman işğalçılarına qarşı vuruşmuşdur. O, Cənub-Qərb, Şimali Qafqaz, Zaqafqaziya cəbhələrində siyasi şöbənin baş təlimatçısı, cəbhə qəzetlərində ("Vo slavu Rodinı", "Vpered k pobede", "Boets RKKA", "Vətən yolunda") məsul redaktorun müavini olmuşdur (1944–1946).