Naxçıvan Xalça Muzeyi
"Azərbaycan xalçası" muzeyi — Naxçıvan şəhərində muzey.
1998-ci ilin aprelində Naxçıvan xalça muzeyi kimi yaradılmış, az sonra "Azərbaycan xalçası" Naxçıvan Muxtar Respublikası Dövlət Muzeyi adlandırılmışdır. Muzey Naxçıvan şəhərində Xan dikindəki (Qala məhəlləsi) 200 illik tarixə malik "Xan evində" yerləşir. "Əcəmi seyrangahı" istirahət kompleksinin daxilindədir. Muzey 8 zaldan ibarətdir. Yaradıldığı vaxt muzeydə 359 eksponat qeydə alındığı halda, hazırda onların sayı 1800-ü (241 xalça) ötmüşdür (2000). Burada bütün xalça növlərinin (xovlu və xovsuz kilim, sumax, vərni, şəddə, palaz, cecim və.s.) və xalça məmulatlarının (məfrəş, heybə, çanta, torba, xurcun, örkən və.s.) nümunələri nümayiş etdirilir. Muzeydə Gəncə-Qazax, Quba-Şirvan, Qarabağ, Təbriz-Naxçıvan xalçaçılıq məktəblərinə məxsus XVIII-XIX əsrlərə aid xalça nümunələri saxlanılır. Çeşnilərinə görə "Qollu çiçi" "Pirəbədil", "Alpan", "Qədim əfşan", "Ovçuluq", "Zili", "Köhnə buta", "Naxçıvan", "Qasımuşağı", və s. yanaşı, süjetli xalçalar (Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin portreti toxunmuş xalça (xalq rəssamı K.Əliyev), "Leyli və Məcnun", "Qarabağ mənzərəsi", "Boz qurdlar", "Gəncə gözəli" və s) da əhəmiyyətli yer tutur.