Fəxralı xalçaları – Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır.[2] Xalçalar adını Gəncə şəhərindən 25 km şimal-şərqdə yerləşən Fəxralı kəndinin adından almışdır. Bəzi xalçaçılar bu xalçanı "Gəncə-fəxri" də adlandırırlar.[2] Fəxralı xalçaları Gəncə xalçalarının yüksək keyfiyyətli xalçalar kateqoriyasına aiddir.[3]
Xalça | |
Fəxralı xalçaları | |
---|---|
| |
Xalça haqqında məlumatlar | |
Digər adı | Gəncə-fəxri |
Məktəbi | Gəncə xalçaçılıq məktəbi |
Növü | Xovlu xalça |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Kənd | Fəxralı |
Toxunması haqqında məlumatlar | |
Üslubu | Gəncə xalçaçılıq məktəbi[1] |
Digər məlumatlar | |
Material | qoyun yunu |
Fəxralı xalçaları öz adını Gəncə şəhərindən 25 km şimal-şərqdə, indki Goranboy rayonunun ərazisində yerləşən Fəxralı kəndinin adından almışdır.[2] Bu kənddə hazırlanan xalçalar qədim dövrlərdən Gəncə zonasının ən yaxşı xalçaları kimi məşhurdur.[2] Qocaman xalçaçılar indiyə qədər bu xalçanı "Gəncə-fəxri" adlandırırlar.[2]
Fəxralı xalçaları müəyyən zaman ərzində Fəxralı kəndində toxunduqdan sonra ətraf kəndlərdə də toxunulmağa başladı. Əsasən Qaracəmirli kəndində, həmçinin, Şadılı, Bağçakürd, Çaylı, Borsunlu, Qaradağlı, Pənahlılar və digər kəndlərdə də istehsal olunurdu. Daha da təkmilləşən Fəxralı xalçalarının getdikcə məşhurluğu artır və eyni zamanda bu xalça toxunulan xalçaçılıq məntəqələrinin sayı da artırdı. Artıq XIX əsrdə Fəxralı xalçasını Gəncə mahalının sənətkarları ilə yanaşı hal-hazırda Gürcüstan Respublikasının (xüsusilə Faxralı kəndində), Ermənistan Respublikasının Azərbaycan Respublikası ilə həmsərhəd kəndlərində yerləşən xalçaçılıq məntəqələrində də toxunmuşdur.[2] Bu səbəbdən də, bir çox xalça ustaları Fəxralı xalçalarını xalçanın istehsal olunduğu bölgəyə uyğun "Gəncə xalçaları", "Çıraqlı xalçaları", "Şamxor xalçaları" adlandırırdılar.[2] Bir çox xarici mənbələrdə, əsasən də alman sənətşünaslarının əsərlərində xalça "Faxralo" adlandırılır.[4]
Fəxralı xalçaları dini mərasimlərdə, eləcə də namaz qılma mərasimində istifadə olunurduğu üçün əsasən kiçik ölçüdə hazırlanırdı. Bu səbəbdən də Fəxralı xalçaları xalq arasında "Çaynamaz" və ya "Ceynamaz" (namaz qılınan yer) kimi də adlandırılmışdır.[4] Xalçanın orta sahəsinin yuxarı hissəsində yerləşən tağ görünüş və formasına görə müsəlman Şərq mümarlığı elementlərini, xüsusilə məscidlərin cənub hissəsində yerləşən mehrabı xatırladır.[4] Tağ və ya mehrab detalını Azərbaycanın Şirvan, Qarabağ və Təbriz xalçaçılıq məktəblərinə aid olan başqa xalçalarda da görmək mümkündür.[4]
Fəxralı xalçalarını əsas halda iki yerə ayırmaq olar: mürəkkəb naxışlı xalçalar, sadə naxışlı xalçalar. Xalçaların orta sahəsinin naxışları sadə və mürəkkəb olsa da, onlar texnoloji cəhətdən bir-birinə çox yaxındır. Sadə naxışlı Fəxralı xalçalarının orta sahəsinin mərkəzində düzbucaqlı formada böyük göl, mürəkkəb naxışlı xalçalarda isə kvadrat və səkkizbucaqlı göllər toxunurdu.[5]
Mürəkkəb naxışlı Fəxralı xalçalarında kərpic, böyük və kiçik "gədəbəylər" (Quba xalçaçılıq məktəbinə aid Qədim minarə xalçasında bu naxış "yelpik" adlanır), "sırğa" və "tuğbaşı" (bayraq) kimi əsas naxışlardan istifadə edimişdir. Mürəkkəb naxışlı xalçalarda isə onların özünəməxsusluğu orta haşiyədə ardıcıl təkrarlanan "çanaqlı bağa" və tısbağa təsviri ilə ifadə olunur. Tısbağa təsvirlərindən Şirvan xalçaçılıq məktəbində toxunan xalçalarda da istifadə edilmişdir.[4]
Sadə naxışlı xalçanın əsas naxışları "sallama" (salxım söyüd) və "ağac"dır. Belə naxışlardan Gəncə xalçaçılıq məktəbini Gəncə qrupuna daxil olan "Gədəbəy xalçaları"nda da istifadə edilmişdir. Sadə naxışlı xalçaların köbə zolaqları Gəncə xalçaçılıq məktəbinin xalçaları üçün səciyyəvi olan adi sadə köbə zolaqlarından ibarətdir.[4]
Kiçik ölçülərdə daha çox istehsal olunduğundan orta ölçülü Fəxralı xalçaları çox az hallarda istehsal olunurdu. Bu xalçaların ölçüsü əsas etibarilə çox da böyük olmur.[3] Fəxralı xalçalarının ölçüləri adi namazlıq xalçalarının ölçüləri ilə eynidir. Bu xalçaların sahəsi 100x150 sm-dən 130x200 sm-ə qədər ölçülər arasında dəyişir.[3]
Fəxralı xalçalarında bir kvadrat desimetrdə ilmələrin sıxlığı 30x30 ilmədən 35x35 ilməyə qədər yerləşir.[3] Bir kvadrat metrdə isə 90 min ilmədən 122 min ilməyə təsadüf edilir.[3] Fəxralı xalçalarında xovun hündürlüyü 6–8 mm-dir.[3]