Dəmirçilər xalçaları

Dəmirçilər xalçalarıGəncə xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır.[2] Xalçalar adını Azərbaycanın Qazax şəhərindən 9 km qərbdə yerləşən Dəmirçilər kəndinin adından almışdır. Bəzi xalçaçılar bu xalçanı "Dəmirçi Həsən" adlandırırlar. Dəmirçilər xalçaları həmçinin, Qazax rayonunun Daş Salahlı, KosalarÜrkməzli kəndlərində də istehsal edilirdi. Dəmirçilər xalçaları Qazax xalçalarının yüksək keyfiyyətli xalçalar kateqoriyasına aiddir.[2]

Xalça
Dəmirçilər xalçaları
Dəmirçilər xalçası, XIX əsr Azərbaycan Xalça Muzeyi, Bakı
Dəmirçilər xalçası, XIX əsr
Azərbaycan Xalça Muzeyi, Bakı
Xalça haqqında məlumatlar
Məktəbi Qazax xalçaçılıq məktəbi
Növü xovlu
Ölkə Azərbaycan Azərbaycan
Toxunması haqqında məlumatlar
Üslubu Qazax xalçaçılıq məktəbi[1]
Digər məlumatlar
Material qoyun yunu
Dəmirçilər namazlıq xalçası, XIX əsr, Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı

"Dəmirçilər" adı ilə tanınan bu xalçalar müxtəlif quruluşda olur. Əsas halda onlar üs üsulda təqdim edilir.

Birinci üsulla toxunmuş xalçaların ara sahəsinin kompozisiyası səkkizbucaqlı göllərdən ibarətdir. Göllərin içindəki qarmaqşəkilli elementlər daxili kvadratın ətrafında simmetrik yerləşmişdir. Ara sahədəki göllərin sayı xalçanın uzunluğu ilə təyin olunur. Böyük olmayan xalçalarda 2–3 göl, uzunsov gəbələrdə isə daha çox göl yerləşir. "Sürmədən"[3] adlanan orta haşiyə "Dəmirçilər xalçaları" üçün xarakterikdir.[2]

İkinci üsul xalçaşünasların "Dəmirçi Həsən" adlandırdıqları xalçalarla təmsil olunur. Onlar tağlı və ya mehrablı namazlıq xalçalardan ibarətdir.

Əgər əvvəllər bu tip xalçalar üzərində namaz qılınması üçün toxunurdusa, zamanla öz dini əhəmiyyətini itirərək yalnız dekorativ-məişət xarakteri almışdır. Dəmirçilər namazlıq xalçalarının kompozisiyası orijinallığı ilə digər namazlıq xalçalarından fərqlənir. Xalçanın yuxarı hissəsində "möhür"[4] daşı üçün həndəsi formalı tağ yerləşir. Ara sahəni dövrələyən nazik haşiyə — mədahil xalçanın yuxarı hissəsində tağ əmələ gətirərək ara sahənin aşağı hissəsində kvadrata birləşir. Bu kvadrat isə namaz qılan şəxsin ayağının altı üçün nəzərdə tutulmuşdur. Yaranmış sahənin mərkəzində medalyon yerləşir. Medalyonun üzləri iri pəncə formasında yerinə yetirilmişdir. Hər bir pəncənin küncündə daxilə əyilən qarmaq şəkilli kəsik var.[2]

Bu cür xalçaların toxunması zamanı dəqiq riyazi hesablama nəticələrinə əməl edilməli idi ki, namaz qılan şəxs səcdəyə getdiyi zaman alnını tağda yerləşdirilmiş möhürə qoya bilsin.[2]

Üçüncü üsula aid edilən "Dəmirçilər xalçası" "Mehrabsız" adlanan xalçalardan ibarətdir. Bu xalçalar üçün xarakterik olan kətəbə şəkilli göllər bir–birinin ardınca şaquli xətt üzərində yerləşir. Onların daxilində iri dördbucaqlılar olur. Son dövrlər böyük ölçülü xalçalar istehsal olunur və onların ara sahəsinin mərkəzində bir göl yerləşdirilir.[2]

Texniki xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

"Dəmirçilər xalçaları" çox vaxt böyük olmayan ölçüdə hazırlanır. Bəzən böyük formatlı, nadir hallarda uzunsov formalı xalçalara rast gəlinir. İlmələrin sıxlığı: hər kvadrat desimetrdə 26x26 ilmədən 30x30 ilməyə qədər yerləşir (hər bir kvadrat metrdə 60 min ilmədən 90 min ilməyə qədər). Xovun hündürlüyü 8–12mm-dir.[2]

  1. Nasirova S. Gəncə-Qazax xalçaları (ing.). 2002. P. 13.
  2. 1 2 3 4 5 6 7 Лятиф Керимов. Азербайджанский ковёр. Том III. II. Тип Гянджа-Казах. Б) Казахская группа. "Демирчиляр". Б.: "Гянджлик", 1983.
  3. Sürmə üçün nəzərdə tutulmuş kasa və ya qutu.
  4. Möhür — namaz qılınması zamanı müsəlmanların istifadə etdiyi müxtəlif formalı (əsasən dairə və ya kvadrat) gil daş parçasıdır. Namaz qılınması zamanı, ibadət edən şəxs ibadətinin bir hissəsini alnını həmin daşa qoyaraq gerçəkləşdirir. Möhür daşları müqəddəs hesab edilən yerdən götürülmüş torpaqdan düzəldilir.