Fatmayı xalçaları

Fatmayı xalçalarıAbşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar.

Xalça
Fatmayı
Fatmayı xalçaları
Fatmayı xalçaları
Xalça haqqında məlumatlar
Tam adı Fatmayı xalçaları
Digər adı Qala xalçası
Məktəbi Abşeron xalçaçılıq məktəbi
Növü Xovlu xalça
Ölkə Azərbaycan

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

"Fatmayı xalçaları" öz adını Abşeron yarımadasında, Bakı şəhərindən 20 km şimalda yerləşən Abşeron rayonunun Fatmayı kəndindən almışdır. Bir çox xalça ustaları bu xalçaları "Qala xalçaları" da adlandırırlar.

"Fatmayı xalçaları"nın ümumi naxışlarının həm iri, həm də xırda elementləri, naxış detalları, köbə zolaqları həndəsi naxışlardan ibarət olmaqla yanaşı həm də çox mürəkkəbdir.

"Fatmayı xalçaları"nın orta sahəsinin yerliyi əksər hallarda göy rəngdə olur. Açıq palıdı yerlikli xalçalara az-az hallarda təsadüf edilir. Gölün və köbə naxışlarının rəngi orta sahənin yerliyinə uyğun gəlir.

Orta sahənin kompozisiyası üfüqi xətt boyunca yerləşmiş, "xonça" adlanan və sevinc, şənlik, bayram, toy əlamətini ifadə edən bir neçə (ikidən beşə qədər) böyük göldən ibarətdir. "Fatmayı xalçaları"nın orta sahəsinin aşağısında birinci xonçanın elementi "Gəlin bəzəyi" təsvirindən, yuxarı hissəsindəki digər xonçanın elementləri isə "Şirni xonçası" təsvirindən ibarətdir.

Xalçanın orta sahəsində cütləşmiş cıqqa buta elementləri bir sıraya düzülərək iki kəndin qohumlaşmasını, bir kənddən olan qızın başqa kəndə ərə verilməsini simvolizə edən böyük və kiçik ölçülü elementlərlə örtülmüşdür.

Abşeron xalçaçılıq məktəbinin xalçaları üçün daha xarakterik olan "Kaşı" və ya "Bəşirqızı" adlanan orta haşiyələr Quba xalçaçılıq məktəbinə daxil olan xalçalarda da tez-tez işlənir. "Fatmayı xalçaları"nda da bu haşiyə toxunmuş və hər iki tərəfində iki zəncirə mövcuddur. Budağın üstündə olan dörd ləçəkli xırda çiçəklər bir-birinin ardınca sıraya düzülərək zəncirə elementlərini ifadə edir.

Bakının şimalında yerləşən rayonların xalçaçıları bu elementləri "Şami" və ya "Qaysıbişah" (budaq üzərində qaysı) adlandırırlar. Orta sahəni dövrələyən ağ yerlikli kiçik haşiyənin elementləri xovsuz xalçaların (zilisumax) naxışlarından götürülmüşdür.

Texniki xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Uzunsov ölçülü "Fatmayı xalçaları" daha çox istehsal olunurdu. Bu xalçaların ölçüsü əsas etibarilə böyük olur.

"Fatmayı xalçaları"nın ölçüləri 110x230 sm-dən 130x350 sm-ə qədər ölçülər arasında dəyişir.

"Fatmayı xalçaları"nda bir kvadrat desimetrdə ilmələrin sıxlığı 40x40 ilmədən 55x55 ilməyə qədər yerləşir. Bir kvadrat metrdə isə 200 min ilmədən 300 min ilməyə qədər təsadüf edilir.

"Fatmayı xalçaları"nda xovun hündürlüyü 4–6 mm-dir.