Adi yasəmən
Adi yasəmən (lat. Syringa vulgaris) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü.
Təbii halda Balkan yarımadasında, Sankt-Peterburqdan Yekaterinburq bölgəsinədək, Qərbi Sibirdə Tayqanın cənub zonasında, meşə-çöl və çöl zonalarında, Orta Asiyada, Şərqi Sibirin cənubunda, Uzaq Şərqin orta və cənub hissəsində becərilir. Karpatda təbii relikt arealı vardır.
Hündürlüyü 2-8 m olan, çoxgövdəli, yarpağı tökülən koldur. Qabığı boz və ya boz-qonur, cavan bitkilərin qabığı hamardır. Zoğları iki, bəzən bir tumurcuqla qurtarır. Tumurcuqlarda pulcuqları xaçvari yerləşir. Yarpaqları üzbəüz, sadə, uzunluğu 4-12 sm və eni 3-8 sm, bünövrəsi ürəkvari və ya düz kəsikli, ucu biz, yaşıl, çılpaq, möhkəm, kənarları bütöv, saplaqların uzunluğu 3 sm-dir. Çiçəkləri bənövşəyidən ağ rəngədək olmaqla, ətirli, 6-10 x 5-8 mm, uzun müddət tökülməyən, piramidal, cüt, düz dayanan və ya sallaq, uzunluğu 10-20 sm olan süpürgələrə yığılmışdır.