Milli Yaylaq Festivalı
Milli Yaylaq Festivalı (ing. The National Highland Festival) — Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği, tarixi adət və milli ənənələrə söykənən ən böyük etnoqrafik-mədəni-idman tədbirlərindən birini həyata keçirməklə, ölkənin və regionun sosial, iqtisadi, mədəni inkişafına dəstək məqsədilə ilk dəfə 2019-cu ilin iyulun 26-da Gədəbəy rayonunda keçirilən festival.
“Milli Yaylaq Festivalı” - xalqımızın kökü min illərə söykənən zəngin yaylaq ənənələrinin və elat mədəniyyətinin yaşadılması və təbliği məqsədilə genişmiqyaslı el şənliyi formatında düşünülüb hazırlanmış orijinal layihədir.
Azərbaycan xalqı olduqca zəngin və çoxşaxəli mədəniyyətə malik bir xalqdır. Zəngin şəhərsalma ənənələri ilə yanaşı, onun yüz illərlə, min illərlə formalaşan həyat tərzi və unikal mədəniyyət nümunələri sırasına yaylaq mədəniyyəti və elat ənənələrini də cəsarətlə aid etmək olar. Əzəldən əsasən əhalimizin heyvandarlıqla məşğul olan hissəsinə xas olan bu maraqlı mövsümi köçərilik ənənəsi bütün tarixi Azərbaycanın torpaqlarında geniş yayılmışdır. Bu ənənələrə uyğun olaraq, hər bir bölgənin özünün ənənəvi yaylaq əraziləri formalaşmışdır.
”Milli Yaylaq Festivalı” - bu zəngin yaylaq ənənələrinin və unikal elat mədəniyyətinin yaşadılması, tanıdılması və təbliği məqsədilə hazırlanmış layihədir. “Milli Yaylaq Festivalı” həm də geniş coğrafi məkanda yaşayan türksoylu xalqların ortaq tarixi ənənələrinin və mədəniyyətlərinin qarşılıqlı tanıdılması və bu istiqamətdə xalqlararası mədəni-etnoqrafik, elmi-praktiki əməkdaşlıq üçün uğurlu və əlverişli platformadır.
Festivalın əsas hədəfləri dayanıqlı turizm məkanı olan orijinal etnoqəsəbə yaratmaqla, ölkədə müasir turizm sektoruna yenilik və unikallıq bəxş etmək, eyni zamanda hər il ənənəvi şəkildə “Milli Yaylaq Festivalı”nı təşkil etməklə, ölkəmizin turizm cazibədarlığının artırılmasına və beynəlxalq aləmdə tanıdılmasına töhfə verməkdir.