Yevlax rayonu
Yevlax rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Yevlax şəhəridir.
Yevlax XIX əsrin əvvəllərinə aid rəsmi sənədlərdə və mənbələrdə Yelizavetpol quberniyasının Yevlax kəndi, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlanmışdır. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə 1935-ci il 20 fevral tarixdə Yevlax rayonu təşkil edilmişdir. 1939-cu il 1 fevralda Azərbaycan SSR Ali Sovetinin qərarına əsasən Yevlaxa şəhər statusu verilmişdir.
1962-ci il 26 dekabrda çağırılmış Azərbaycan SSR Ali Sovetinin X sessiyasının qərarı ilə Yevlax rayonu ləğv edilərək ərazisi Ağdaş, Bərdə və Qasım İsmayılov rayonlarına veilmiş, Yevlax respublika tabeli sənaye şəhərinə çevrilmişdir.
Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 6 yanvar 1965-ci il taixli fərmanı ilə Yevlax şəhəri respublika tabeliyində olan şəhərlər sırasına daxil edilmiş və Yevlax şəhərində sənaye müəssisələrinin tikintisinə başlanmışdır.
Ötən əsrin 70–80-ci illərində Yevlaxda Pambıqtəmizləmə, Tütün fermentləmə, 2 Dəmir-beton məmulatları, Traktor təmiri, Pivə və spirsiz içkilər zavodu, "Qarabağ" istehsalat, Taxıl məhsulları, sənaye kombinatları, onlarca iri nəqliyyat, tikinti müəssisələri, rayonlarası təchizat bazaları və s. fəaliyyət göstərmişdir.
Yevlax-Xankəndi, Yevlax-Balakən dəmiryol xətti çəkilmiş, Yevlax hava limanı, respublikadan kənarda da şöhrət qazanmış Xaldan kənd kompleks orta məktəbi, Şahmat məktəbi, Uşaq gənclər idman məktəbi, 10535 yerlik 19 orta məktəb, 840 yerlik 15 uşaq bağçası, xəstəxana, mədəni-maarif müəssisələri, çoxmərtəbəli yaşayış binaları tikilib istifadəyə verilmişdir.