Zanbaqçiçək maqnoliya
== Təbii yayılması: ==
Mərkəzi və Qərbi Çində yayılmışdır. Avropada 1790-cı ildən becərilir.
== Botaniki təsviri: ==
2-3 m hündürlükdə şar formalı koldur. Açıq boz rəngli, hamar qabıqla örtülmüşdür. Cavan zoğlarının uc hissələri əvvəlcə tüklü olur, sonradan çılpaqlaşır, qışa yaxın dövrdə isə tünd yaşıl, çox işıq olan tərəfdə isə qonur rəngli olub, tək-tək mərciməklərə malikdir. Yarpaqları enli-ellipsvari və ya tərs- yumurtavaridir. Təpə tərəfdən tünd yaşıl, alt tərəfdən açıq yaşıl rəngli, yaxşı gözəçarpan damarlanmaya malik, uzunluğu 15-20 sm, eni isə 8-10 sm-ə çatır. Çiçəkləri ensiz piyaləvari formalı, qoxusuz xaricdən qırmızımtıl, daxildən isə ağ rəngdə olub, qısa və yoğun çiçək saplağı üzərində yerləşmişdir. Çiçəkyanlıqları 6-9 hissədən ibarətdir. Xarici ləçəkləri neştərşəkilli olub, uzunluğu 2-3 sm, eni isə 0,8-1 sm-ə bərabərdir.