Sabit Kərimov
Kərimov Sabit Qəhrəman oğlu (10 aprel 1940, Ordubad – 16 iyun 2013) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Neft Akademiyası "Kompüter texnologiyaları və proqramlaşdırma" kafedrasının müdiri.
== Həyatı ==
Sabit Qəhrəman oğlu Kərimov 10 aprel 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. O, 1961-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini bitirmişdir.
Sabit Kərimov 1967-ci ildə Moskva Energetika İnstitutunun aspiranturasını bitirərək 1968-ci ildən elmi-pedaqoji fəaliyyətini Azərbaycan Neft və Kimya İnstitutunda davam etdirmişdir. Sabit Kərimov 1968-ci ildə texnika elmləri namizədi, 1987-ci ildə isə texnika elmləri doktoru elmi dərəcəsini almış, 1989-cu ildə professor adına layiq görülmüşdür. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Alim 1989-cu ildən 2013-cü ilə kimi Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Hesablama maşınları və proqramlaşdırma kafedrasının müdiri vəzifəsində çalışmışdır.
== Elmi fəaliyyəti ==
S. Kərimovun elmi tədqiqatlarının əsas istiqaməti informasiya və ekspert sistemlərinin yaradılması və tətbiqi ilə bağlıdır. O, 1967–1989-cu illərdə kimya, neftkimyası və neftemalı sahələri üzrə avtomatlaşdırılmış informasiya və idarəetmə sistemlərinin yaradılması sahəsində işləmiş, 1990-cı ildən isə elmin və istehsalatın müxtəlif sahələri üzrə informasiya və ekspert sistemlərinin yaradılması və tətbiqi üzrə elmi-tədqiqat işləri aparır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə kimya və kimya texnologiyası sahələri üzrə informasiya-axtarış sistemləri (1967–1975), neftemalı və neftkimyası sənayesi üzrə ərazi avtomatlaşdırılmış idarəetmə sistemi (1975–1988), istehsal müəssisələri üçün avtomatlaşdırılmış informasiya və idarəetmə sistemləri (1988–1990), respublikada mütərəqqi texnologiyalar, bitkilərin mühafizəsi, Xəzər dənizinin ekologiyası, neft maşınqayırma sahələri üzrə informasiya sistemləri, tibbi diaqnostika üzrə ekspert sistemləri (1990–2009) yaradılmış və tətbiq edilmiş, informatika üzrə çoxdilli izahlı terminoloji lüğət hazırlanmışdır.