Çələbi xalçaları
Çələbi xalçaları və ya Çələbirt xalçaları — Qarabağ tipinə aid olan xovlu xalça.
Qarabağ tipinə aid olan qədim xovlu xalçaları yaçlı xalçaçılar "Çələbi" adlandırsalarda həmin xalçaları çox vaxt "Çələbirt" adlandırırdılar. Əslində isə xalçanın adı "Çələbi"dir – sonralar xalça alıcıları və tacirlər tərəfindən təhrif olunmuş və Avropada xalça sənətşünasları "Çelabirt" kimi tanınmışdır. Bu xalçanın ilk dəfə hazırlandığı yer Bərdədən 10 km şərqdə yerləşən Çələbilər kəndi olmuşdur. "Çələbi" xalçalarının kompozisiyası və quruluşu məhz bu kənddə yaranmış və təkmilləşmişdir; daha sonra Dağlıq Qarabağda, Aranda və xüsusilə, XIX əsrdən Qazax əyalətində və digər xalçaçılıq məntəqələrində yayılmaqla, onlar müxtəlf adlar altında məşhurluq qazanmışlar.
Azərbaycanın cənub-qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda — dağlıq və aran zonalarında inkişaf etmişdir. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl-Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın Dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Malıbəyli, Çanaxça, Tuğ, Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Tutmas kəndləri əsas rol oynayırdılar. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər mövcud olmuşdur.