Çəmən güllücəsi
Çəmən güllücəsi (lat. Lathyrus pratensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.
== Botaniki xarakteristikası ==
Hündürlüyü (40) 55-100 sm, gövdəsi düz, uzanan və ya ilişən, sivri dördtinli və budaqlanan çoxillik ot bitkisidir. Kökümsovu nazik, şaxəli və zoğ əmələgətirəndir. Yalançı zoğları iri olub, yarpaqcığı xatırladır, uzunsov və ya yumurtaşəkilli-neştərvaridir, oxşəkilli əsası vardır, sivriləşmiş, qısa və ya bəzən saplaqla eynidir. Saplaq qanadsız, üst tərəfdən novşəkilli, sadə və ya şaxələnən bığcığı, nadir halda ucu vardır. Yarpaqlar bir cütdür; yarpaqcıqları neştərvari və ya uzunsov-neştərvaridir, sivri və ya qısa sivriləşmişdir, qısa sivri ucu vardır, 3-5 ədəd çox güclü damara malikdir, nadir halda ensiz neştərvaridir, uzunluğu (1) 2-4 (5) sm, eni 2,5-8 (10) mm-dir. Salxımları 5-13 ədəd çiçəkdən ibarətdir. Çiçək saplağı tüklüdür. Tac parlaq və ya açıq-sarı rəngdədir, uzunluğu 12–17 mm-dir.