Biçənək (Şahbuz)
Biçənək — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd.
== Coğrafi mövqeyi ==
Biçənək Şahbuz rayonunun mərkəzindən 24 kilometr şimal-şərqdə, Zəngəzur silsiləsinin ətəyində, Naxçıvan-Laçın-Yevlax avtomobil yolunun kənarında yerləşən kəndin adıdır. Kənd Azərbaycanın qədim yaşayış məntəqələrindən biridir. Rayon ərazisində bu kənd adı ilə bağlı Biçənək aşırımı, Biçənək çayı, Biçənək mineral su bulaqları, Biçənək yolu, Biçənək meşəsi, Biçənək körpüsü və sair kimi coğrafi obyekt adları da mövcuddur. Biçənək kəndi keçmiş Zərnətün və Xınzirək kəndləri və Azərbaycanın tarixi ərazisi olan Zəngəzur qəzası ilə həmsərhəd ərazidə yerləşir. Məşhur Batabat yaylağı, Biçənək aşırımı, Fərhad evi, Zorbulaq bu kəndin yaxınlığındadır. Buradakı Əyriqar dağı, Ağ qaya, Qara qaya, Ballı qaya, Sarı qaya, Gəlin qayası, Xəznə təpəsi, Sandıq daş, Miz daş, Saat daşı, At taxta, Yanıq taxta, Yuxarı pay, Orta pay, Bənövşəli dərə, Qara göl, Cilli göl, Zorbulaq, Söyüdlü bulaq, Karvansara bulağı, Soyuq bulaq, Qiblə bulaq, Qızıl bulağı, Qırxgözlü bulaq, Turşsu və sair kimi yer-yurd adları ərazinin qədim oğuzlara məxsusluğunu təsdiqləyən faktlardır.
== Tarixi ==
Tarixi qaynaqlara görə, Biçənək aşırımı qədim və orta əsrlərdə Naxçıvandan Beyləqana və oradan da Bərdəyə gedən yolun üstündə idi. IX əsr ərəb tarixçilərinin məlumatına görə, Azərbaycanın şimal hissələrinə hücum edən ərəb sərkərdəsi Salman ibn Rəbiə öz qoşununu Beyləqana Biçənək aşırımı ilə aparmışdı. Bu aşırım Naxçıvanla Arranı birləşdirən yeganə yol idi.