Şair Həsənov
Şair Nəcməddin oğlu Həsənov (10 iyul 1936, Qusar – 15 mart 2017) — Azərbaycan inşaatçı-mühəndisi və ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsinin sədri (2001–2006), Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədri (1999–2001), Azərbaycan SSR tikinti materialları sənayesi naziri (1990–1991), Azərbaycan SSR Dövlət Aqrar Sənaye Komitəsi sədrinin müavini (1986–1989), Azərbaycan SSR kənd tikintisi naziri (1983–1985).
Şair Nəcməddin oğlu Həsənov 10 iyul 1936-cı ildə (bəzi mənbələrdə 10 iyun) Qusar şəhərində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Politexnik İnstitutunu yol nəqliyyatı mühəndisi ixtisası üzrə bitirmişdir. Həmin ildən Azərbaycan SSR Tikinti Nazirliyi sistemində iş icraçısı, elmi-tədqiqat laboratoriyasının mühəndisi, böyük mühəndisi, bölmə rəhbəri, tikintinin təşkili və texnologiyas tresti şöbəsinin baş mühəndisi, texnika idarəsi rəisinin müavini, Sənaye Tikintisi Nazirliyi "Dəmir-beton" trestinin baş mühəndisi, nazirliyin istehsalat idarəsinin rəisi vəzifələrində işləmişdir.
Şair Həsənov 1977–1980-ci illərdə Azərbaycan SSR kənd tikintisi nazirinin birinci müavini, 1980–1983-cü illərdə Azərbaycan SSR Baş Kolxoz-Sovxoz Tikintisi Baş İdarəsinin ("Başkolxozsovxoztikinti") rəisi, 1983–1985-ci illərdə kənd tikintisi naziri, 1986-cı ildən 1989-cu ilədək Azərbaycan Dövlət Aqrar-Sənaye (Aqrosənaye) Komitəsi sədrinin müavini, 1990-cı ilin yanvar ayından dekabr ayınadək "Azəravtoyol" İstehsalat Birliyinin rəis müavini vəzifələrində çalışmışdır. 1990–1991-ci illərdə Azərbaycan SSR tikinti materialları sənayesi naziri, 1991-ci ilin may ayından "Azərtikintimaterialsənaye" Dövlət Konserninin prezidenti olmuşdur.
Şair Həsənov 1999–2001-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədri işləmiş, 2001-ci ilin aprel ayında isə Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsinin sədri təyin olunmuşdur. Komitəsinin 28 fevral 2006-cı ildə ləğv edilməsindən sonra Şair Həsənov təqaüdə çıxmışdır. 2006-cı ildə isə "Samur" Ləzgi Milli Mərkəzi İdarə Heyətinin sədri seçilmiş və ictimai fəaliyyəti davam etdirmişdir.
Şair Həsənov 1961-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının, 1993-cü ildən isə Yeni Azərbaycan Partiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 10–11-ci çağırış deputatı seçilmişdir.