Firidun Hüseynov (ədəbiyyatşünas)
Hüseynov Firidun Cəlal oğlu (1933, Nursu, Naxçıvan MSSR – 1986) — görkəmli Azərbaycanlı ədəbiyyatşünas alim, pedaqoq, filologiya üzrə elmlər doktoru (1978), professor (1979).
== Həyatı ==
Hüseynov Firidun Cəlal oğlu 1933-cü ildə anadan olmuşdur. O, Naxçıvan Dövlət İkiillik Müəllimlər İnstitutunu, Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini (1959) bitirmişdir. ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında professor, filologiya fakultəsində dekan işləmişdir. "Molla Nəsrəddin" satirik ədəbi məktəbi F.Hüseynovun araşdırmalarının əsas obyekti olmuşdur. Firidun Hüseynov "Əli Nəzminin həyatı və yaradıcılığı" mövzusunda namizədlik (1964), "Cəlil Məmmədquluzadə nəsrində əsas problemlər" (1978) mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. F.Hüseynov "Əli Nəzmi" (1970), "Adi əhvalatlarda böyük həqiqətlər" (1977), "Satirik gülüşün qüdrəti" (1982), "Molla Nəsrəddin" və mollanəsrəddinçilər" (1986) monoqrafiyalarının və məqalə toplularının, "Molla Nəsrəddin jurnalı", "İdeya-bədii körpü", "C.Məmmədquluzadənin bədii nəsrində ziyalı surətləri", "C.Məmmədquluzadə L.N.Tolstoy haqqında", "Aydınlara doğru", "İntibah carçısı" və s. məqalələrin müəllifidir. O, mollanəsrəddinçi şair Əli Nəzminin "Seçilmiş əsərləri"ni (1979) nəşr etdirmişdir. Görkəmli alim mollanəsrəddinçilərin əsas yer tutduğu "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyinin (professor Mir Cəlala birlikdə) müəllifidir.