Horadiz əməliyyatı
Horadiz əməliyyatı — 1993-ci ilin dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonununda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, Qarabağ müharibəsində olan döyüşlərin biri.
Nəticədə, Horadiz qəsəbəsi, Füzuli rayonunun 21 kəndi (Araz Zərgər, Araz Dilağarda, Araz Yağlıvənd, Birinci Mahmudlu, İkinci Mahmudlu, Əhmədbəyli, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alxanlı, Qarabağ, Bala Bəhmənli, Böyük Bəhmənli, Kərimbəyli, Şükürbəyli, Babı, Arayatılı, Mollaməhərrəmli, Əhmədalılar, Qazaxlar, Mirzənağılı) və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçdi.
Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
== Tarixi ==
=== Zəmin ===
1993-cü il avqustun sonunda Qubadlını ələ keçirən ermənilər, yenidən qruplaşma üçün ehtiyac duyduğundan, atəşkəs elan etmişdilər və Ermənistandan yeni silah və qoşunları gəlişi üçün gözləmək məcburiyyətində idi. Oktyabrın sonlarında erməni hərbi birləşmələri (yalnız Ermənistan ordusunun müntəzəm hissəsi, qondarma "Dağlıq Qarabağ ordusu" nəzərdə tutulmur) Azərbaycan-İran sərhədində yerləşən Horadizi tez ələ keçirib, bununla Zəngilan rayonunun Azərbaycan ərazisi ilə əlaqəsini kəsmişdi.
1993-cü il dekabr ayında erməni silahlı dəstələri Füzuli şəhərinin şərqinə hərəkət etmək üçün cəhd göstərsə də, görünməmiş müqavimət ilə qarşılaşdı və geri çəkilməyə məcbur oldu. Bundan sonra Azərbaycan ordusu üç istiqamətdə hücuma keçdi. 15 dekabrda Azərbaycan hərbçiləri dərhal 5 istiqamətdə hücuma keçdi — Füzuli, Xocavənd, Ağdam, Ağdərə və Kəlbəcər.. Dağlıq Qarabağın şimal-şərqində hücum, erməniləri Ağdərə rayonunun bir sıra yaşayış məntəqələrini tərk etməsini məcbur etdi.