Əşrəf Həsənov
Əşrəf Həsən oğlu Həsənov (24 yanvar 1909, Nuxa – 9 avqust 1983, Bakı) — dirijor, pedaqoq, Azərbaycan SSR xalq artisti (1959), peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan biri.
== Həyatı ==
Əşrəf Həsənov 24 yanvar 1909-cu ildə Nuxada anadan olmuşdur. 1927–1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının orkestr sinfində, 1933–1938-ci illərdə Moskva Dövlət Konservatoriyasının dirijorluq sinfində təhsil almışdır.1938–1950-ci illərdə Azərbaycan Radio Komitəsinin nəzdindəki simfonik orkestrə rəhbərlik etmişdir. 1932 və 1938–1979-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında dirijor işləyib. 1949–1962-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında opera hazırlığı şöbəsinə rəhbərlik etmişdir. Dosent idi.Əşrəf Həsənov Azərbaycan Dövlət Opera və Balet Teatrında "Leyli və Məcnun", "Koroğlu" (Üzeyir Hacıbəyov), "Aşıq Qərib" (Zülfüqar Hacıbəyov), "Şahsənəm" (Reynqold Qlier), "İvan Susanin" (Mixail Qlinka), "Knyaz İqor" (Aleksandr Borodin), "Qaratoxmaq qadın", "Yevgeni Onegin", "İolanta" (Pyotr Çaykovski), "Qar qızı" (Nikolay Rimski-Korsakov), "Su pərisi" (Aleksandr Darqomıjski), "Aleko" (Sergey Raxmaninov), "Traviata", "Aida" (Cüzeppe Verdi), "Karmen" (Jorj Bize) və s. kimi Azərbaycan və Qərbi Avropa opera və baletlərinə dirijorluq etmişdir. Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Bolqarıstan, Almaniya, Çexiya və digər ölkələrdə qastrol səfərləri olmuşdur.Ə. Həsənov 9 avqust 1983-cü ildə Bakıda vəfat etmişdir.
== Mükafatları ==
"Azərbaycan SSR xalq artisti" fəxri adı — 10 iyun 1959
"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 aprel 1940
"Şərəf nişanı" ordeni — 17 aprel 1938
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 23 yanvar 1979
== İstinadlar ==
== Ədəbiyyat ==
İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə).