Cavanşir Vəkilov
Cavanşir Mehdixan oğlu Vəkilov (7 fevral 1951, Bakı – 23 avqust 2013, Bakı) — diplomat, pedaqoq, tarix elmləri namizədi (1988), görkəmli ictimai-siyasi xadim, tarixçi, yazıçı, pedaqoq, vikipediyaçı, Mehdixan Vəkilovun oğlu.
O, Azərbaycanca Vikipediyada J vekilov, Rusca Vikipediyada isə Qalxan adı altında fəaliyyət göstərirdi.
== Həyatı ==
Cavanşir Vəkilov 1951-ci il fevralın 7-də Bakıda ziyalı ailəsində anadan olmuşdur.
1967-ci ildə 190 nömrəli orta məktəbi bitirmişdir. 1967–1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1972-ci ilin avqust ayından 1975-ci ilin sentyabrına kimi Əfqanıstanda, 1978-ci ilin oktyabr ayından 1979-cu ilin noyabr ayına kimi İranda tərcüməçi işləmiş, hər iki ölkədə antimonarxist inqilabların şahidi olmuşdur.
1975-ci ilin axırlarında bir neçə ay ərzində Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar fondu, 1976–1992-ci illərdə Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş laborantdan baş elmi işçiyədək yol keçmiş, 1988-ci ildə "Azərbaycan Respublikasının SSRİ-İran mədəni əlaqələrində iştirakı (1941–46-cı illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
2013-cü il avqustun 23-də dənizdə boğularaq vəfat edib.
== Xaricdə və Azərbaycanda fəaliyyəti ==
Müstəqillik dövründə 1992-ci ilin mart ayında diplomatiya sahəsinə keçmiş, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində ikinci və birinci katib, 1 may 1995-ci ildən 5 noyabr 1998-ci ilə qədər Azərbaycan Respublikasının Tehrandakı səfirliyində 2-ci katib vəzifəsində çalışmışdır.
Ankara (1993), Tehran (1994, nümayəndə heyətini rəhbəri) və Qahirədə (2002, nümayəndə heyətini rəhbəri) keçirilən Diplomatik Kurslarda iştirak etmişdir.