Sultan Murad (Ağqoyunlu)
Əbül Müzəffər Sultan Murad (31 iyul 1490, Təbriz – 1518, Şanlıurfa) — Ağqoyunlu hökmdarı, Uzun Həsən və I Fərrux Yasarın nəvəsi, Sultan Yaqubun oğlu, Baysunqurun qardaşı.
31 iyul 1490-ci ildə Təbriz şəhərində dünyaya gəlmişdi. Həyatının ilk dövrləri Şirvanda gizlənərək keçmişdir.
Eybə Sultanın qardaşları tərəfindən 9 yaşında Şirvandan gətirilib taxta oturdulmuş, Sultan Məhəmmədin ordularını məğlub, torpaqlarını isə işğal edərək sonuncunu öldürtmüşdü. Daha sonra Əlvəndlə sülh müqaviləsi bağlamış, əllərində olan torpaqları, Qızılüzən çayı sərhəd olmaqla iki yerə bölüb idarə etməyə üstünlük vermişdilər. Belə ki, Ərəb İraqı, Əcəm iraqı, Fars və Kirman Muradın hakimiyyətində qaldı.
21 iyun 1503-cü ildə Şah İsmayılla Sultan Murad, Həmədan yaxınlığında Alma Qulağı adlanan yerdə üz-üzə gəldi. Sayca üstün olmasına baxmayaraq Sultan Muradın qoşunu darmadağın edildi. Eybə Sultanın qardaşı əsir düşdü, özü isə qaçdı. Buna baxmayaraq o, hələ 5 il də Bağdad və ətrafında hakimiyyətini davam etdirdi.