Andorra-la-Velya
Andorra la Vella (Andorra-la-Velya) — Andorranın paytaxtı. Şəhər Vellero-del-Nor və Vellero-del-Olira dağlarının arasında yerləşir. Şərqi Pireney dağlarında (1070 m yüksəklikdə) dağarası çökəklikdə, Valira çayı (Ebro hövzəsi) üzərindədir. Əhalisi 22,615 min (2014). İspaniya ilə Fransanı birləşdirən avtomobil yolu üstündə ticarət-nəqliyyat, bank fəaliyyəti və beynəlxalq turizm mərkəzidir. İqtisadiyyatında xidmət sahələri üstünlük təşkil edir. Suvenir və bəzək əşyalarının kustar istehsalı, ağac və daş üzərində oyma geniş yayılmışdır. Rəvayətə görə, ərəblərin şimala irəliləməsinin qarşısını almaq məqsədilə 9-cu əsrin əvvəlində Böyük Karl tərəfindən salınmışdır. Şəhərin memarlıq abidələri arasında Müqəddəs Armenqol kilsəsi (roman üslubu, 11–12-ci əsrlər), intibah dövrünə aid "Vadilər Evi" (Kassa-de-la-val, 1580, hazırda Andorra incəsənəti və tarixi muzeyinin binası), Ədliyyə sarayı, parlament binası (Sala-del-Konsell) və dövlət arxivi (Set-Panis); 19–20-ci əsrlərə aid binalar, Musiqi Akademiyası, Dövlət Teatrı var.