Dəştivənd mahalı
Dəştivənd mahalı — Talış xanlığının mahallarından biri.
Mahal cənubdan Uluf mahalı, şərqdən Xəzər dənizi, qərbdən Səfidəşt mahalı, şimaldan isə Salyan sultanlığı ilə həmsərhəd idi. Mahalın ərazisi indiki Boradigah kəndindən Göytəpə çayına kimi uzanırdı. "Cəvahirnameyi-Lənkəran" əsərində Dəştivənd mahalı ilə Ərkivan mahalının eyni mahal olduğu bildirilir. Talış xanlığındakı mahallardan ən böyüyü olan Ərkivan, xanlığın şimalında yerləşib, qərb hissəsi dağlıq, şərq hissəsi isə düzənlik olan bir mahal olmuşdur. Dəştivənd mahalında türk kəndlərinin sayı talış kəndlərinin sayından çox idi. Mirzə Əhməd Mirzə Xudaverdi oğluna görə, türklər bu əraziyə yeni gəlmişdi və xeyli çoxalmışdılar. Əhalinin mütləq əksəriyyəti şiə olan mahalda yaşayanların əsas məşğuliyyəti ipəkçilik idi. Bu tarixi mahalın ərazisi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun qeydlərinə əsasən hazırda qismən Cəlilabad, qismən də Masallı və Salyan rayonları tərkibindədir.