Danimarkalı qız (film, 2015)
Danimarkalı qız (ing. The Danish Girl) — rejissor Tom Huperin 2015-ci ildə, Devid Eberşofun Lili Elbe və Gerda Vegenerin həyatı əsasında yazdığı eyni adlı roman əsasında çəkdiyi bioqrafik dram filmidir. Filmdə Eddi Redmeyn tarixdə ilk dəfə cinsiyyət dəyişmə əməliyyatı keçirmiş Lili Elbe obrazını, Alisiya Vikander onun həyat yoldaşı Gerda Vegener, Mattias Şonarts Hans Aksgil və Ben Vişou Henrik obrazlarını canlandırmışlar.
72-ci Venesiya Beynəlxalq Film Festivalında əsas müsabiqə çərçivəsində təqdim edilən film daha sonra 2015 Toronto Beynəlxalq Film Festivalında Xüsusi Təqdimat bölməsində göstərilmişdir. 27 noyabr 2015-ci ildə "Focus Features" tərəfindən ABŞ-də məhdud yayıma çıxarılan film, 1 yanvar 2016-cı ildə "Universal Pictures International" tərəfindən Birləşmiş Krallıqda çıxarılmışdır.
1920-ci illərin ortalarında portret rəssamı Gerda Vegener və məşhur peyzaj rəssamı Ayner Vegener Kopenhagendə yaşayır. Bir gün Gerdanın rəsmlərindən birinin modeli olan balerina gecikdiyinə görə, Gerda əri Aynerdən modeli əvəz etməyi xahiş edir. Qadın kimi poza verməsi Aynerin sonradan Lili Elba adlandırdığı həyati identifikasiyasının ortaya çıxmasına səbəb olur. Əvvəlcə o, bunu büruzə verməyə utansa da, sonradan onun hissləri geri dönülməz şəkildə özünü büruzə verir, Aynerin bütün həyatı boyu daxilində gizlətdiyi Lili üzə çıxmağa çalışır. Həkimə müraciət nəticəsində onda psixi pozuntunun olması qərarına gəlinir və Aynerin məcburi psixi xəstəxanaya yerləşdirilməsinə qərar verilir.