Azərbaycanda erkən orta əsrlər dövrü
Azərbaycanda erkən orta əsrlər dövrü — Azərbaycan tarixinin dövrlərindən biri olaraq III əsrdən XI əsrə qədər davam etmişdir. III əsrdə həm müasir Azərbaycan Respublikası ərazisi, həm də Cənubi Azərbaycan ərazisi Sasani imperiyası ərazilərinə qatılmışdırlar. Həmçinin elə bu dövrdə Azərbaycan ərazisində feodalizm formalaşmağa başlamış, Qafqaz Albaniyası ərazisi Bizans və Sasani imperiyaları arasında müharibə meydanına çevrilmişdir. Sasani imperiyasının Ərəb xilafəti tərəfindən süquta uğradılmasından sonra həm keçmiş Atropatena, həm də Albaniya əraziləri Ərəb xilafətinə daxil edilmişdir. Bu zamana qədər artıq dövlətçiliyini tamamilə itirmiş Atropatenadan əlavə olaraq, Albaniyada tədricən zəifləmiş və 705-ci ildə tamamilə yox olmuşdur. Bundan sonra Ərəb xilafətinin də regoindakı hakimiyyəti tədricən zəifləmiş, bunun nəticəsində Azərbaycan ərazisində - həm cənubi, həm də şimali - yeni feodal dövlətlər ortaya çıxmışdır.
== Sasani işğalı ==
=== Tarixi ===
252-253-cü illərdə Albaniya, bundan daha əvvə isə Atropatena Sasani imperiyası tərəfindən ələ keçirildi. Atropatena tamamilə Sasani imperiyasına birləşdirilsə də, Albaniya vassal dövlətə çevrildi və özünün monarxiyasını qoruyub saxlaya bildi. Lakin Alban hökmdarının real gücü yox idi, mülki, dini və hərbi hakimiyyət əsasən Sasani canişini olan mərzbanın əlində cəmləşmişdi. 260-cı ildə Sasani şahı I Şapurun Roma ordusunu məğlub etməsindən sonra Albaniuyanın ilhaq edilməsi məlumatı Nəqşi-Rüstəmdəki üçdilli abidə verilən mətndə keçməkdədir.