Göyçay Ensiklopediyası
"Göyçay Ensiklopediyası" — Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) növbəti nəşri.
Azərbaycanın 3-cü prezidenti Heydər Əliyevin 100 illiyinə ithaf olunan kitabın ideya müəllifi və naşiri AVCİYA prezidenti Elxan Süleymanovdur. Kitab daha əvvəllər oxuculara təqdim olunmuş "Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi – Göyçay döyüşləri", "Göyçay döyüşləri Türkiyə tarixşünaslığında" və "Göyçay tarixi" kitablarının daha geniş və təfərrüatlı şəkildə davamı kimi hazırlanıb.
2024-cü ildə AVCİYA "Göyçay Ensiklopediyası"nın davamı olaraq, Azərbaycan şairi, dramaturq, Əməkdar incəsənət xadimi İsgəndər Coşqunun əsərlərinin külliyyatından ibarət yeni "Nəğmə dolu ürək" kitabını təqdim edib.
== Haqqında ==
Ensiklopediyada bölgənin tarixi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında məqalələr, müvafiq xəritələr yer alıb. Yerli ədəbi-mədəni mühit, folklor və mərasimlər, maddi mədəniyyət, toponimlər haqqında tanınmış tədqiqatçıların yazdıqları oçerklərlə tanış olmaq olar. Kitaba, ilk növbədə, və daha çox Göyçayın adını xan çinarın ucalığına qaldırmış görkəmli şəxsiyyətlər haqqında məqalələr daxil edilib. Bunların hamısı 951 məqalədə, 11 irihəcmli oçerkdə birləşib.
Ensiklopediyanın elmi-redaksiya şurasının rəhbəri Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, nəşrin baş redaktoru filologiya elmləri doktoru, professor Asif Hacılıdır. Cildin tərtibatında Səttar Bəhlulzadənin "Göyçay" (1972) rəsmindən istifadə edilib ki, bu da Azərbaycanda narın vətəni sayılan bir rayonun simvolu kimi uyğunlaşdırılıb.