1. Yer atmosferini əmələ gətirən qazların, başlıca olaraq azotla oksigenin qarışığı. Havanın təzyiqi. Şara hava doldurmaq. Təmiz havada nəfəs almaq. Rütubətli hava.
2. Yeri əhatə edən boşluq, ənginlik; fəza. Quşlar havada uçur. Təyyarə havaya qalxdı. Hava yolları.
3. Hər hansı bir yerdə müəyyən vaxtda atmosferin vəziyyəti (buludluluq, rütubət, yığıntı, hərarət və s.). Yağmurlu hava. Havanın dəyişməsi. Havada rütubət hiss olunur. Payız havası.
4. Bir yerin sağlamlıq baxımından vəziyyəti, keyfiyyəti. Sağlam hava. Ağır hava. Oranın havası mənə düşmədi. Dağ havası.
◊ Hava almaq – evdən kənarda, açıq havada nəfəs almaq, gəzmək, dincəlmək.
Hava həyəcanı – havadan təhlükə olduğunu, düşmənin gəldiyini bildirən siqnal, təhlükə siqnalı.
Hava işıqlanmaq – səhər açılmaq, dan yeri sökülmək.
Hava qaralmaq (qaranlıqlaşmaq) – axşam olmaq, axşam düşmək, günəş batmağa başlamaq.
Hava sınmaq – soyuqlardan sonra hava yumşalmağa, istiləşməyə başlamaq.
Hava şarı – 1) yuvarlaq (sferik) aerostat;
2) içi havadan yüngül qazla doldurulmuş, şarşəkilli uşaq oyuncağı.
Hava vannası – bədəni möhkəmləndirmək və ya müalicə məqsədilə açıq havada günəş altında uzanma, özünü günəşə vermə.
Havada (havadan asılı) qalmaq – bir məsələnin, işin aydınlaşdırılmaması, həll olunmaması haqqında.
Başına hava gəlmək – bax baş.