Lad (musiqi)
Lad (rus. lad, ing. mode) – müxtəlif yüksəklikdə yerləşən səslərin bir birinə tərəf meyl edərək, eyni zamanda bir sabit səs tonika ətrafında birləşməsi; o cümlədən, həmin səsdən qurulan interval və ya akkord (adətən tonika üçsəslisi) ətrafında cəmlənməsi.
== Anlayışlar ==
Ladı əmələ gətirən səslər pillə adlanır və tonikadan (I pillə) başlayaraq, yuxarıya doğru artan sıra ilə rum rəqəmləri ilə işarə olunur. Ladın hər bir pilləsi müəyyən funksiya (vəzifə) daşıyır. Ladlar bir-birindən səssırasının quruluşuna görə fərqlənir, yəni səslər arasındakı intervalın kəmiyyəti və keyfiyyəti, həmçinin ayrı-ayrı pillələr arasındakı qarşılıqlı münasibət ladın səssırasının quruluşunu müəyyən edən amildir - bu, ladın quruluş formulu adlanır.
Tonika ladın sabit, baş pilləsi olub, digər pillələri öz ətrafında cəmləşdirir.Qısa yazılış şəkli: T. Şərq musiqisində tonikaya "mayə" deyilir.
Ladı təşkil edən səslərin yüksəklik üzrə tonikadan sonrakı oktavanın tonikasına qədər düzülüşü qamma (ladın səs sırası) adlanır.
== Avropa musiqisində ladlar ==
Qərb musiqisində əsasən iki lad – major və minor ladları geniş yayıldığından tədrisdə də buna müvafiq olaraq major və minor qammalarından istifadə olunur. Tədrisdə major qammasının yalnız natural növündən, minor qammasının isə natural, harmonik və melodik növlərindən istifadə edilir.