İbrahim Nəbioğlu
İbrahim Nəbioğlu (tam adı: Yaqubov İbrahim Nəbi oğlu) — jurnalist, yazar, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, texniki elmlər namizədi, Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi, Azərbaycanın İstanbuldakı Baş Konsulu (2003–2006), Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Təmsilçisi, Fövqəladə və səlahiyyətli elçi, Palmalinin vitse-prezidenti (2006-2015).
İbrahim Nəbioğlu 1961-ci il oktyabrın 24-də Bakıda ziyalı ailəsində doğulub. 1968-ci ildə Bakıdakı 159 N-li məktəbin 1-ci sinfinə getmişdir. 1978-ci ildə 45 N-li orta məktəbdən məzun olmuş və elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olmuşdur. 1983-cü ildə bu institutun "Tətbiqi riyaziyyat" kafedrasını "mühəndis-riyaziyyatçı" ixtisası üzrə qırmızı diplomla bitirərək, təyinatla Yeni Bakı Neftayırma zavodunun Hesablama mərkəzində çalışmağa başlamışdır. 1986-cı ildə aspiranturanın əyani şöbəsinə qəbul olmuşdur. Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində bir-sıra elmi araşdırmalar aparmış, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini almışdır. 40-a yaxın elmi məqalənin müəllifidir. 1990–1991-ci illərdə Türkiyənin "Milliyət", "Zaman" və b. qəzetlərində çap olunmağa başlamışdır.