Natrolit
Natrolit – Na2 [Al2Si3O10] · 2 H2O — Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
== Növ müxtəliflikləri ==
Manqanlı natrolit, litiumlu natrolit.
== Xassələri ==
Rəng – qar kimi ağ, rəngsiz, sarımtıl, sarı, qırmızımtıl, kərpici-qırmızı, bəzən qara; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ipəyi, sədəf; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,2-2,26; Sərtlik – 5-5,5; Kövrəkdir; Ayrılma – {110} üzrə tam mükəmməl; Sınıqlar – qeyri-hamar; pilləli, tikanlı; Başqa xassələr– piroelektrik və pyezoelektrik xassələri; yüksək sorbsiya qabiliyyəti; Morfologiya – kristallar: nazik prizmatik, sap şəkilli, sütunvari; İkiləşmə: {110} və {011} üzrə; Mineral aqreqatları: çubuq formalı, radial-şüalı, lifli, torpaqvari, sıx, bəzən bütöv kütlələr, irikristallik bloklar, sferolitlər, kollomorf əmələgəlmələr, kristallik qabıqlar.
== Mənşəyi və yayılması ==
Effuziv süxurların–bazalt və andezitlərin tipik mineralı olub, badamvari boşluqlarda müşahidə edilir. Nefelin və sodalitin hidrotermal dəyişilmə məhsulu kimi qələvi intruziv və effuziv süxurlarda – nefelinli siyenitlərində və bazaltlarda rast gəlir. Qələvi peqmatitlərdə en kəsiyi bəzən 1 m2-ə çatan irikristallik monomineral bloklar təşkil edir. Hidrotermal damarlarda, qneyslərdə, habelə sement kimi nefelinit palaqonit tuflarında müəyyən edilmişdir. Birlikdə rast gəldiyi minerallar: kalsit, geylandit, skoletsit, stilbit, şabazit, mezolit, analsim. Mineralın tapıldığı yerlər: Usti, Çeşska Lipa (Çexiya); Rodope (Bolqarıstan); Vişnyovıye və İlmen dağları, Kola yarımadası (Rusiya); Havay adaları və b.