Natəvan Dəmirçioğlu
Natəvan Dəmirçioğlu (tam adı: Natəvan Dəmirçi qızı Mansurova — Atamoğlanova; 1 noyabr 1963, Qazax rayonu) — Azərbaycan yazıçısı, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Beynəlxalq Radiosunun proqramlar şöbəsinin rəisi , Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, media üzrə ekspert, "İlin qadın yazıçısı" (2010), Prezident təqaüdçüsü (1999 və 2000).
== Həyat və fəaliyyəti ==
Natəvan Dəmirçioğlu 1 noyabr, 1963-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1984–1989-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almış, tələbəlik illərindən dövrü mətbuatla və Respublika Radiosu ilə əməkdaşlıq edərək, yeni ruhlu və orijinal formatlı yazılarla çıxış etmişdir. Universiteti əla qiymətlərlə oxuyan D. Natəvan Tələbə Elmi Cəmiyyətinin üzvü kimi 1985-ci ildə Bakıda keçirilən Ümmumittifaq miqyaslı "Tələbə elmi işlərinin respublika müsabiqəsi"nin qalibi olmuşdur. Sonralar Zaqafqaziya Universitetləri Tələbələrinin Elmi Konfransında rus, gürcü, erməni tələbələrdən üstün olaraq konfransın I diplomuna və xüsusi mükafatına layiq görülmüşdür. Axırıncı kursda oxuyarkən 1989-cu il aprel ayında çıxan "Müxbir" jurnalının tələbələrə həsr olunan xüsusi buraxılışında D. Natəvan haqqında ayrıca məqalə verilmişdir. 1989-cu ildə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində müxbir, 1989–1991-ci illərdə kiçik redaktor, 1991–1994-cü illərdə redaktor, 1994–1995-ci illərdə isə böyük redaktor kimi fəaliyyət göstərmişdir. 1995–2022-ci illər ərzində Azərbaycan Beynəlxalq Radiosunda Cənubi Azərbaycan şöbəsinin müdiri, 2022- 2023-cü illər ərzində həmin müəssisənin direktor müavini, 2023- cü ilin aprel ayından etibarən Azərbaycan Beynəlxalq Radiosunun proqramlar şöbəsinin rəisi vəzifəsində çalışır. 2002–2007-ci illərdə Bakı Dövlət Universitetinin doktorantı olmuşdur. 2012-ci ildə "Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq Radiosunun rolu" adlı dissertasiya işini uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.