Hyoqo Prefektura İncəsənət Muzeyi
Hyoqo Prefektura İncəsənət Muzeyi (兵庫県立美術館, Hyoqo Kenritsu Bicutsukan) – Yaponiyanın Hyoqo prefekturasının paytaxtı Kobe şəhərində yerləşən incəsənət muzeyi. Qərbi Yaponiyada yerləşən ən böyük modern və müasir incəsənət muzeyidir.
== Tarix və memarlıq ==
Hyoqo Prefektura İncəsənət Muzeyi 1995-ci ildə baş vermiş Böyük Hanşin zəlzələsi nəticəsində dağılmış Kobe şəhərinin "mədəni dirçəlmə" simvolu kimi 6 aprel 2002-ci ildə açılmışdır. Tikinti işləri 1999-cu ilin martından 2002-ci ilin sentyabrına qədər davam etmişdir.
Muzeyin memarı Tadao Ando olmuşdur. Ando muzeyi dizayn edərkən Kobenin dəniz ilə olan əlaqəsini nümayiş etdirmək istəmişdir. O, eyni zamanda Kobe Waterfront Plaza layihəsi üzərində də işlədiyi üçün hər iki layihəni inteqrasiya etməyə qərar vermişdir. Muzey dördmərtəbəlidir və bir yeraltı mərtəbəsi var.
== Xüsusiyyətlər ==
Muzeydə Yaponiya və xarici ölkə sənətçilərinin hazırladığı rəsm əsərləri, qravürlər və digər sənət işləri sərgilənir. Xüsusi sərgilər fərdi sənətçilərin yaradıcılığına həsr olunsa da, bəzən müəyyən mövzu ətrafında xüsusi sərgilər də baş tutur.