Qədim zamanlarda insanlar hələ parlaq, suyadavamlı və günün altında solmayan boyaları kəşf etməmişdilər. Ona görə də həmin dövrlərdə parçalar olduqca solğun rəngdə idi. Təkcə müreks adı ilə tanınan ilbizdən alınan purpur (al-qırmızı) boya istisna təşkil edirdi. Finikiyanın Tir şəhəri bu boyanın istehsalında inhisarçı idi və burada hazırlanan parçalar ağlasığmaz dərəcədə baha qiymətə satılırdı. Yunanların Tir və ətraf şəhərlərin sakinlərini adlandırdıqları “finikiyalı” sözü yunanca al-qırmızı mənasını verirdi və ola bilsin ki, bunda da həmin o boyanın rolu var idi.
Bu boya şöhrətini Bizans dövründə də qoruyub saxladı. Həmin dövrdə purpur rəngdən istifadə etmək hüququ xüsusi fərmanla yalnız imperator sarayına verilmişdi. Söhbət hakimiyyətdə olanlardan düşəndə “purpur içində doğulmuşlar” ifadəsi işlənirdi. Beləliklə, purpur rəngi (və boyası) deyəndə ağıla ilk gələn imperator hakimiyyəti idi. Bu iki məfhum bir-birinə sıx bağlı idi.
İndiyədək bu söz məcazi olaraq əsil-nəcabət mənasında işlənir. (Ayzek Azimov. Sözlərin tarixi)