1945 Berlin Qələbə Paradı
Berlin Qələbə Paradı — 7 sentyabr 1945-ci ildə İkinci Dünya müharibəsinin başa çatmasından qısa müddət sonra məğlubiyyətə uğramış nasist Almaniyasının paytaxtı Berlində antihitler koalisiyasının iştirakı ilə keçirilmiş parad. Paradda SSRİ, ABŞ, Birləşmiş Krallıq və Fransa iştirak edirdi.
1945-ci ilin iyununda təşkil edilmiş Moskva Qələbə Paradının ardından SSRİ bənzər paradın müttəfiq qoşunları ilə birlikdə keçirilməsini təklif edir. Hələ iyul ayında Berlində Britaniya parad keçirmişdi. Sentyabr paradı Reyxstaq binası və Brandenburq qapısı yaxınlığında baş tutur.
Paradda yüksək rütbəli zabitlərdən SSRİ-dən Sovet İttifaqı Marşalı Georgi Jukov, ABŞ-dən General Corc Smit Patton, Birləşmiş Krallıqdan General Brayan Robertson və Fransadan General Mari-Pyer Köniq iştirak edirdi. General Dvayt Eyzenhaver və Feldmarşal Bernard Montqomeri parada az müddət qalmış dəvəti rədd etmiş və Patton və Robertsonu nümayəndə qismində göndərmişdilər. SSRİ, ABŞ, Birləşmiş Krallıq və Fransadan ümumilikdə 5,000 nəfərlik qoşun heyəti iştirak edirdi ki, onların təkcə 2,000 nəfəri Sovetləri təmsil edirdi. Şəxsi heyətin keçidi ilə başlanan parad zirehli texnikaların nümayişi ilə davam etdirildi. Hərbi heyətə SSRİ 248-ci Piyada Diviziyası, Fransanın 2-ci Piyada Diviziyası, İngilis 131-ci Piyada Briqadası və ABŞ-nin 82-ci Hava-desant Diviziyası daxil idi; mövcud qüvvələr ilk növbədə yerli qarnizonlardan gəlirdi.