Mahmud (Qəznəvi hökmdarı)
Sultan Mahmud Qəznəvi (971–1030) — Qəznəvilər dövlətinin ən qüdrətli hökmdarı. Hakimiyyət illəri:(998)-1030)
2 oktyabr 971-ci ildə, Səbuk Təkinin və Zabulistanlı bir türk əsilzadənin oğlu olaraq doğulmuşdu. 994-cü ildə Samanilər dövlətinə xidmət edən Mahmud II Nuh tərəfindən Xorasan hakimliyini almışdı.
Qardaşı İsmail Qəznəvini digər qardaşı Nurəddin və əmisi Buğracoq ilə birlikdə devirərək hakimiyyətə gəldi. Tarixdə ilk dəfə «sultan» titulu Mahmuda verilmişdir. Samanilər dövləti 999-cu ildə dağıldı, onun ərazisi Qəznəvi və Qaraxanlı dövlətləri arasında bölüşdürüldü. Nəticədə keçmiş Samani torpaqları olan Xorasan, Xarəzm, Sistan və indiki Əfqanıstan Qəznəvi dövlətinə qatıldı.
Mahmud Qəznəvi 1001-1026-cı illərdə 17 dəfə Hindistana hücum etmişdi. Onun şimal və şimal-şərq torpaqlarını, yəni Kəşmir, Pəncab, Qucarat vilayətlərini Qəznəvi dövlətinə qatmış, Hindistandan çoxlu qənimət əldə etmişdi. Mahmud hakimiyyətini qərbi İranda yaymaq məqsədilə 1029-cu ildə Rey, Həmədan və İsfahan əyalətlərini, az sonra Gur əyalətini tutdu.