Qonaqkənd fiziki-coğrafi rayonu
Qonaqkənd fiziki-coğrafi rayonu — cənub-şərqi Qafqazın şimal-şərq yamacının dağlıq hissəsini əhatə edib, mütləq yüksəkliyi Samur-Dəvəçi rayonunun qərbində, 120-200 m.-dən başlamış, cənubda Baş Qafqaz silsiləsinin suayrıcına (4466 m.) kimi ucalır.
== Haqqında ==
Rayon ərazisi dağlıq olub, relyefin nisbi və mütləq yüksəkliyinin, meyilliyinin böyük olması ilə Samur-Dəvəçi rayonundan kəskin seçilir. Struktur cəhətdən Tufan antiklinorisini, Şahdağ-Xızı sinklinorisini, Təngi-Beşbarmaq antiklinorisini, Zaqatala-Qovdağ sinklinorisinin şərq (kənar) hissəsini və Qusar monoklinarını əhatə edir. Burada müxtəlif mütləq yüksəkliklərdə bir sıra dağdaxili çökəkliklərin (Xaltan, Qonaqkənd, Yerfi, Söhüb, Rustov və s.) formalaşması ilə əlaqədar olaraq kənd yaşayış məntəqələrinin və əkinçiliyin, maldarlığın inkişafı üçün əlverişli şəraitə malikdir. Şahdüzu dağdaxili çökəliyi (2400-2700 m.) isə yay otlaqları kimi istifadə olunur. Rayonun relyefi böyük yüksəklik diapazonuna (200- 4460 m.) malik olduğu üçün burda landşaftın yüksəklik qurşağı demək olar ki, tam spektrdə (dağ çölləri, dağ meşə-çöl, meşə, yüksək dağ-çəmən və nival subnival qayalıq) inkişaf etmişdir. Cənub-şərq istiqamətdə relyefin mütləq yüksəkliyinin azalması və dağ yamaclarında aridliyin artması ilə çaylarda axımın azalması və yüksək landşaft qurşaqlarının (nival, subnival və dağ-çəmən) yox olması, meşələrin aridləşməsi, quru-çöl və yarımsəhra landşaftları arealının alçaq dağlığa tərəf genişlənməsi müşahidə olunur. Relyefin dinamik inkişafı və formalaşmasında qravitasiya (sürüşmə, uçqun) və eroziya prosesləri əsas fəaliyyət göstərir. Relyefin Baş Qafqaz və Yan silsiləsinin maksimal qalxma sahələrində (Bazardüzü, Tufandağ, Şahdağ) qədim buzlaqların və müasir qar örtüyünün, aşınma prosesinin yüksək dağlıqda yaratdığı relyef formaları geniş sahə tutur. Yüksəkdağ zirvələrində qədim buzlaqların qalınlığı kimi saxlanılan və ümumi sahəsi 5,5 km2 (Budaqov, 1965) olan Bazardüzü, Bazaryurd, Şahdağ, Tufandağ buzlaqlarının və davamiyyətli qar örtüyünün şimal-şərq yamacın çaylarının qidalanmasında və ilin isti dövründə axımın təyin edilməsində mühüm əhəmiyyəti vardır.