Seksuallıq
İnsanın seksuallığı və ya insanın cinsəlliyi — insanın cinsi həvəsinin təzahürü və ödənilməsi ilə bağlı olan bioloji, psixofizioloji, psixi və emosional reaksiyaların, təcrübə və hərəkətlərin məcmusu.
Seksuallıq insan orqanizminin tənəffüs, həzm və s. kimi anadangəlmə ehtiyacı və funksiyasıdır. İnsan fizioloji olaraq müəyyən seksual potensialla doğulur, sonra fərdi həyat təcrübəsi çərçivəsində seksuallıq formalaşır. Ümumiyyətlə, insanın seksuallığı bioloji, psixi və sosial-mədəni amillərin inteqrasiya olunmuş qarşılıqlı təsiri ilə müəyyən edilir .
== İnsan seksuallığının komponentləri ==
İnsan seksuallığının çoxsaylı formaları var. İnsan seksuallığı geniş spektrli davranış və prosesləri, cinsiyyətin fizioloji, psixoloji, sosial, mədəni, siyasi, mənəvi və ya dini aspektlərini, habelə insanın cinsi davranışını əhatə edir. Seksuallıq insan davranışının digər aspektləri kimi, həm bioloji, həm də sosial xarakter daşıyır: cinsiyyətin bəzi xüsusiyyətləri genetik, digərləri isə sosiallaşma prosesində formalaşır. Bu baxımdan insan seksuallığının bir neçə komponenti fərqləndirilir:
bioloji cins — cinsi xromosomlar, cinsi hormonlar, cinsiyyət hüceyrələri, xarici və daxili cinsiyyət orqanları, ikinci dərəcəli cinsi əlamətlər kimi əlamətlər toplusu;
gender kimliyi — bioloji cinslə mütləq üst-üstə düşməyən müəyyən cinsə mənsubiyyət hissi;
gender rolu — cəmiyyətdə bu və ya digər "adətən kişi" və ya "adətən qadın" davranışını təyin edən, müəyyən cəmiyyətin mədəni normalarına uyğun gələn davranış;
seksual oriyentasiya — əks cinsdən (heteroseksual oriyentasiya), eyni cinsdən (homoseksual oriyentasiya) və ya hər iki cinsdən (biseksual oriyentasiya) insanlara emosional, romantik və həssas cazibə və ya ümumiyyətlə hər hansı cazibənin olmaması (aseksual oriyentasiya);
cinsi kimlik — özünü bu və ya digər cinsi oriyentasiyaya malik olan insanlarla eyniləşdirməsi, özünü müəyyən oriyentasiyalı şəxs kimi dərk etməsi .
Fəlsəfə, xüsusilə etika və əxlaq elmi ilə yanaşı ilahiyyatın da predmetinə bu mövzu daxildir.