Bazilika sisterni
Yerebatan sərnici və ya Bazilika sisterni (yunan. Βασιλική Κινστέρναı, türk. Yerebatan sarnıcı və ya Yerebatan sarayı) — Bizans dövrünə aid iri yeraltı su anbarı. İstanbulun (Konstantinopolun) mərkəzində, Sultanahmet rayonunda, Aya Sofya məscidi (Müqəddəs Sofiya kilsəsi) ilə üzbəüz, onun 150 metr cənub-qərbində yerləşir.
"Sistern" sözü yunancadan "su anbarı" kimi tərcümə edilir. 2013-cü ilə olan məlumata görə, İstanbulda 40-dan çox belə sistern aşkar edilmişdir.
== Sistern Bizans dövründə ==
Bazilika sisternində quraqlıq və ya mühasirə halları üçün şəhərin su ehtiyatı saxlanırdı Bu sisternə su şəhərdən 19 km şimalda yerləşən Belqrad meşəsindəki bulaqlardan akveduklar (o cümlədən, Valent akveduku) və su kəməri vasitəsilə çatdırılırdı.
Bazilika adı sisternin yerləşdiyi yerin adından qalmışdır. Bu yerdə Konstantinopolun Birinci təpəsində, Stoa Basilica adlı meydan yerləşdirdi.Orada əvvəlcə bir Bazilika olduğundan su anbarı da bu adı almışdır.
Sisternin tikintisinə imperator Konstantinin hakimiyyəti dövründə (306–337-ci illər) başlanmış və imperator I Yustinianın hakimiyyəti dövründə, 532-ci ildə başa çatdırılmışdır.