Sona Mikayılova
Sona Məmmədağa qızı Mikayılova (2 fevral 1957) — Azərbaycan Respublikasının əməkdar artisti (2011), Azərbaycan Respublikasının əməkdar müəllimi (2023), Azərbaycan teatr, kino və dublyaj aktrisası.
Sonaxanım Mikayılova 1979-cu ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunu (Yevgeni Semyonoviç Matveyevin emalatxanasında təhsil alıb) bitirdikdən sonra yaradıcılıq fəaliyyətinə Z. Abbasovun "Onun bəlalı sevgisi" (Xalidə) filmi ilə başlamış, K. Əzimzadənin "İsmayıl bəyin sandıqçası" filmində Ana, K. Əzimzadənin "İmtahan" filmində Ana, Ənvər Əblucun "Sarı köynək" filmində Zəminə, E. Qasımovun "Köhnə bərə" filmində Əminə, Ş. Nəcəfzadənin "Kral ölüb yaşasın kral" filmində kraliça, E. Səfərovun "Məhbus" filmində Ana, K. Rüstəmbəyovun "Bakı" filmində Jurnalist, V. İbrahimoğlunun "Qurama" filmində Ana, R. Mirzəyevin "Əkinçi" filmində Hənifə xanım, "Dronqo" filmində Nərminə obrazlarını yaratmışdır.
"Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. Təkcə Azərbaycan filmindəki rolları ilə kifayətlənməyən aktrisa 1989-cu ildə "Yuğ" teatrına gəlmiş və ifa etdiyi obrazlarla teatr ictimaiyyətinin də diqqətini özünə cəlb edə bilmişdir.
Aktrisa 1989-cu ildən "Yuğ" teatrında çalışır. Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Birinci akt", "Vəsl" ("Mən, Məhəmməd Füzuli…" layihəsi), "Naməlum Axundzadə", "Medeya. Sekvensiya 01" tamaşalarında maraqlı obrazlar yaratmışdır.
Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Olsun" tamaşalarında maraqlı obrazlar yaratmışdır.
O, bu gün də Azərbaycan Dövlət Yuğ Teatrında çalışır və gənclərin yetişdirilməsində yaxından iştirak edir.
Aktrisa Türkiyədə, Rusiyada, Tatarıstanda keçirlmiş Beynəlxalq Teatr festivallarının iştirakçısı olmuşdur.