Səda (mətbəə)
"Səda" mətbəəsi — Mətbəə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və mətbuat tarixində görkəmli yeri olan Haşım bəy Vəzirov tərəfindən təsis edilmişdi. Özünün müstəqil qəzet nəşr etmək istəyini Hacı Zeynalabdin Tağıyevə bildirən Haşım bəy Vəzirov Bakı Bələdiyyə İdarəsinə rəsmi müraciət edərək "Tazə həyat" adlı mətbu orqanın nəşrinə icazə istəyir. Haşım bəy Vəzirov olduqca çətin və mürəkkəb şəraitdə "Tazə həyat"ın çapına razılıq alır. "Tazə həyat" qazeti ilə yanaşı, "İttifaq", "Səda" və "Sədayi-həqq" kimi qazetlərin də çap hüququnu əldə edir. Üç il sonra, yəni 1910-cu ildə "Səda" mətbəəsinin ilk sayının nəşrinə başlayır.
XX əsrin əvvəllərində Rusiya imperiyası daxilində baş verən inqilabi hadisələr, müstəmləkəçilikdən, milli ayrı-seçkilikdən əziyyət çəkən xalqların etirazları rejimin daxili qayda-qanunlarının sərtləşdirilməsinə səbəb oldu. İmperiyanın bu sərt qayda-qanunları Bakıda da hiss edildi. Bakı general-qubernatoru polis departamentinə 1901-ci il 14 noyabr tarixli tamamilə gizlin məlumatında əhali arasında məzhəb məsələsinə, məxsusi olaraq İran və Türkiyəyə münasibətə, panislamizmə, gənc türklərlə əlaqəyə diqqət yetirməyi tapşırdı. Bakı general-qubernatoru Azərbaycanın Avropa təhsili görmüş, milli düşüncəli bir qrup ziyalısının izlənilməsini, onların fəaliyyətlərinin təftişini Jandarm İdarəsindən tələb edirdi. İzləniləcək ziyalıların siyahısında Azərbaycan jurnalistikasının tanınmış nümayəndələri Həsən bəy Zərdabinin, Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy Ağaoğlunun, Nəriman Nərimanovun, Haşım bəy Vəzirovun, Sultan Məcid Qənizadənin, Əliabbas Müznibinin adları var idi.Çar Rusiyasının Qafqazdakı canişinliyinin təqib və təhdidlərinə baxmayaraq, Azərbaycan xalqı öz istiqlalı, azadlığı uğrunda mübarizə aparır, müxtəlif ideoloji-siyasi cərəyanları təmsil edən partiyalarda, hərəkatlarda təmsil olunurdular.