Türkmən
Türkmənlər — türk xalqlarının Oğuz qrupunu təşkil edən Azərbaycanlıların və Oğuz qrupundan olan digər xalqların etnogenezində iştirak etmiş ən qədim və ilk Oğuz əsilli türk xalqıdır.
Türkmənistan Respublikasında, Əfqanıstan İslam Respublikasında və İran İslam Respublikasında kompakt halda yaşayan türkmənlər türk xalqları arasında Türkiyə türklərindən, Azərbaycanlılardan , özbəklərdən , uyğurlardan və qazaxlardan sonra ən böyük Türk xalqı hesab olunurlar.
== Tarixi ==
Bugünkü Türkmənistan Respublikasının yerli türk əhalisi olan türkmənlər əsas etibarilə VIII əsrdən sonra tarix səhnəsinə çıxan kınık, salur, qayı, bayat, beydilli boylarının birləşməsi ilə meydana gələn Oğuz qövmlərindəndirlər. Oğuz-Türkmən mədəniyyətinin formalaşmasında bu bölgədə yaşamış olan qədim Türk alanların, aakaların və xəzərlərin də mühüm rolu olmuşdur. "Türkmən" etnik adı tarixi mənbələrə görə, V əsrdən bəlli olsa da, bu ad X əsrdə kəsinlik qazanmışdır. Qərb tarixçiləri Türkmənləri saf qanlı Türk adlandırdıqları kimi, bəzi müəlliflər də Türkmənləri Türk xalqlarının kökü olaraq qəbul edirlər. Çünki Türkmənistan böyük tarixi Türküstanın ən qədim insan yaşayan bölgələrindən biridir. Burada aparılan arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Türkmənistan ərazisində 300 min il bundan əvvəl insanlar yaşamışlar. Qərb Türklərinin və səlcuqluların əsasını təşkil edən Oğuz və ya Türkmənlər moğol tipindən tamamilə fərqlidirlər. Məşhur orta əsr tarixçisi Rəşidəddinə görə, "Oğuzların Mavəraünnəhr, İran və Azərbaycanda nəsilləri çoxalmış, digər yerli Türklərlə qaynayıb-qarışdığından taciklər onlara "Türk-manənd", yəni "Türkə bənzər" adını vermişlər… Oğuzlar "Türkmən" adı aldıqdan sonra digər Türk tayfaları olan qarluq, xələc, qıpçaq, kanqlı və uyğurlardan ayrılmışlar", halbuki Mahmud Kaşğarlı müsəlman olan qarluq, çigil və yağmalara da əvvəllər "Türkmən" deyildiyini yazmışdır.