İsveçrəAvroviziya Mahnı Müsabiqəsinə ilk Avroviziyanın keçirildiyi il olan 1956-cı ildə qoşulmuş və ümumilikdə 60 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə yalnız 1995, 1999, 2001 və 2003-cü illərdə Avroviziyada iştirak etməmişdir. İsveçrə müsabiqəyə ev sahibliyi edən ilk ölkə olmuş və həmin müsabiqədə ölkə təmsilçisi Liz Assia ifa etdiyi "Refrain" mahnısı ilə İsveçrəyə müsabiqədə ilk qələbəsini yaşatmışdır. İsveçrə Avroviziyada ikinci qalibiyyətini 1988-ci ildə Selin Dionun ifa etdiyi "Ne partez pas sans moi" adlı mahnı ilə qazanmışdır. Müsabiqədəki qalibiyyətindən sonra Selin Dion dünyada şöhrət qazanmışdır. İsveçrə eyni zamanda dörd dəfə müsabiqəni 0 xalla başa vurmaqla və həmçinin, doqquz dəfə müsabiqədə sonuncu yeri tutmaqla özünə məxsus antirekordlara da malikdir.
İsveçrənin dörd rəsmi dili var; Fransız, Alman, İtalyan və Romanş dilləri. Ötən əsrdə Avroviziya qaydalarına əsasən hər bir ölkə yalnız öz milli dilində səslənən mahnılar ilə müsabiqədə çıxış edə bilərdi və həmin dövr ərzində digər ölkələrdən fərqli olaraq İsveçrə istənilən dörd dildən birində səslənən mahnılar ilə Avroviziyada iştirak edə bilmişdir. İsveçrə indiyədək 23 fransız dilində, 15 ingilis dilində, 12 alman dilində, 10 italyan dilində və bir romanş dilində səslənən mahnı ilə Avroviziyada təmsil olunmuşdur. Ölkəyə müsabiqədə qalibiyyət gətirən hər iki mahnı fransız dilində ifa edilmişdir.